Leyla Əliyeva yenidən sədr seçildi
13 Oktyabr 2012 Şənbə 05:56
Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib.
Moskvada “Holidey İnn Sokolniki” mehmanxanasının “Krımski val” konfrans salonunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dördüncü hesabat-seçki konfransı keçirilib. Konfransda RAGT-nin Moskva və regional bölmələrinin 104 nümayəndəsi iştirak edib.

RAGT-nin idarə heyətinin üzvü Emin Hacıyev hesabat dövründə bu təşkilatın fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. O, təşkilatın sədri Leyla Əliyeva tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və uğurla həyata keçirilmiş layihələr barədə məlumat verərək qeyd edib ki, bu gün RAGT sıx birləşmiş, Rusiyanın və Azərbaycan gənclər təşkilatları arasında öz layiqli yerini tutmuş bir qurumdur.

Azərbaycanı və Rusiyanı qarşılıqlı anlaşmaya və qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluğun birləşdirdiyinin vurğulandığı hesabat məruzəsində deyilir: “RAGT-nin sədri Leyla Əliyeva bu təşkilatı yaradarkən, şübhəsiz, əsas hədəf kimi qarşılıqlı etimada əsaslanan münasibətləri daha da möhkəmlətmək, dialoq üçün əlverişli platforma yaratmaqla iki ölkə arasında qarşılıqlı inteqrasiya proseslərini gücləndirmək istəyindən çıxış edib. Bizim Rusiya ilə əməkdaşlığımız təkcə təhsil potensialında deyil, həm də Azərbaycan reallıqlarının qeyri-rəsmi elçiləri olmaqda özünü göstərir. Sevindirici haldır ki, RAGT məhz bu missiyanı uğurla yerinə yetirir”.

RAGT nümayəndəsi bu təşkilatın bir sıra mühüm layihələrdə iştirakı, həmçinin ictimai əhəmiyyətli təşəbbüslərin reallaşdırılması barədə ətraflı məlumat verərək qeyd edib ki, belə mühüm layihələrdən biri də RAGT başçısı Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır.

RAGT idarə heyətinin üzvü vurğulayıb ki, bizim gənclərin sıx birləşməsində ilk nömrəsi 2010-cu il mayın 10-da – Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günündə çapdan çıxmış “AMOR” jurnalı, habelə təşkilatın saytı mühüm rol oynayır.

Sonra konfrans iştirakçıları təşkilati məsələləri nəzərdən keçirib, nəzarət-təftiş komissiyasının məruzəsini dinləyiblər. Leyla Əliyeva yenidən yekdilliklə RAGT-nin sədri seçilib. Daha sonra təşkilatın idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçiliblər.

Görüş çərçivəsində Azərbaycan Gənclər Fondunun təqdimatı keçirilib. Azərbaycan və Rusiya gənclərinin gələcək müştərək layihələri haqqında geniş fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar