Lənkəranda 20 Yanvar tədbirləri keçirilib
20 Yanvar 2012 Cümə 16:46
20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Lənkəranın bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında anım mərasimləri keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, yanvarın 19-da rayonun ümumtəhsil məktəblərində, Lənkəran Dövlət Universitetində, Humanitar Kollecdə və Tibb Texnikumunda ilk dərslər 20 Yanvar faciəsinə həsr olunub.
Bu gün isə Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri şəhərin mərkəzində salınmış Şəhidlər Xiyabanını ziyarət ediblər. Mərasim iştirakçıları daha sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının foyesində “20 Yanvar hadisələri məktəblilərin gözü ilə” mövzusunda təşkil olunmuş rəsm sərgisinin açılışına qatılıblar. Sərgidən sonra teatrın yaradıcı kollektivinin hazırladığı “Şəhidlər” adlı ədəbi-bədii kompozisiyasına baxış keçirilib.
Qeyd edək ki, 1990-cı il yanvarın 20-də Bakıda və yanvarın 26-da isə Lənkəranda imperiya qoşunları tərəfindən törədilən qırğınlar zamanı ümumilikdə 11 lənkəranlı şəhid olub.
DOSTLARINLA PAYLAŞ: