Laricani: Qarabağ münaqişəsi regional səviyyədə həll edilməlidir
02 İyul 2011 Şənbə 10:41
Laricani: İran münaqişənin regional səviyyədə həlli ilə bağlı müraciətlər olarsa, səy göstərə bilər.
"Dağlıq Qarabağ münaqişəsi regional problemdir və biz hesab edirik ki, bu problem regionun daxilində həll edilməlidir". Azərbaycanda səfərdə olan İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
"Azərbaycan tərəfi Minsk Qrupu formatını seçib. Amma Minsk Qrupu indiyədək bir iş görməyib", deyə o əlavə edib.
Laricani ABŞ-ın regiona daxil olmasının yaxşı nəticələnmədiyini deyib: "Amerikanın regiona girişi nəinki problemi həll edir, əksinə yeni problem yaradır. İraq və Əfqanıstana girişindən sonra qaçaqmalçılıq və terror daha da artıb. Fələstin problemində hər dəfə yeni həll yolları ortaya qoymaqla problemin həllini uzanır".
Laricani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin həllinin regional səviyyədə həlli ilə bağlı müraciətlər olarsa, səy göstərə biləcəyini qeyd edib.
Ə. Laricani onu da bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu tələbi bütün beynəlxalq təşkilatlarda səsləndirir.
Qarabağdakı müsəlman abidələrinin Ermənistan tərəfindən dağıdılmasına İran parlamentinin nə zaman reaksiya verəcəyinə gəlincə, Laricani qeyd edib ki, tərəflər həll formatını əldə etməlidirlər.
Parlament sədri prezident Mahmud Əhmədinecadın Ermənistana səfərinin baş tutmamasına da aydınlıq gətirib, bunun bir sıra texniki problemlərlə əlaqədar olduğunu deyib: “Burada hansısa neqativ məsələlər axtarmaq lazım deyil”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: