Laçında nələri itirdik?
18 May 2010 Çərşənbə Axşamı 11:15
Müalicəvi bulaqlar, təbii ehtiyatlar, fauna və flora da düşmən işğalı altındadır.
Laçın rayonunun işğalından 18 il keçir. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi narzan tipli müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min m3 olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı su yataqları var. Həmçinin, ehtiyatları 5125 min m3 olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min m3 olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min m3 olan Quşçu pemza, ehtiyatları 15794 min m3 olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları var.

Hal-hazırda işğal altındakı Qaragöl Dövlət Təbiət Qoruğu (ümumi sahəsi 240 ha) və Dövlət Təbiət Yasaqlığı (ümumi sahəsi 20 min ha) müxtəlif növ zənginliyə malik idi. Təkcə qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var idi.

1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ və s. heyvanlar, qırqovul 200, kəklik 1500 baş və s. quşlar qeydə alınıb. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) ağacı var. Həmin ağacın materialından qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində istifadə edilirdi. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb.

Laçın rayonu üzrə 33285 ha meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26647 ha (80,05 faiz) idi. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi.

Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, meşə təsərrüfatının dövlət meşə fondunda 1092 ha sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar