1992-ci ilin may ayının 17-də Ermənistan ordusunun başladığı hücumla Azərbaycan daha bir incisini - Laçın şəhərini itirdi.
ANS PRESS-in məlumatına görə, adını Laçın türk tayfasından götürmüş şəhər hələ Qafqaz Albaniyası dövründən məşhur idi. Laçın öz şöhrətini Çobanilər dövründə daha da artırmışdı. Həmin dövrdə şəhərdə hətta sikkəxana varmış və pul kəsilirmiş.
Orta əsrlərin xaosu, Rusiya işğalı şəhərin tənəzzülünə səbəb olmuşdu və hətta adı da burada yaşayan başqa bir türk tayfasına uyğunlaşdırılaraq Abdallara dəyişdirilmişdi. Laçının adı yalnız 1924-cü ildə bərpa edildi.
Şəhəri işğal etmiş ermənilər əvvəl evləri dağıdıb taladılar. Daha sonra müəyyən evləri bərpa edərək Ermənistandan və Suriyadan yoxsul ailələri şəhərə köçürdülər. Hazırda Laçında 10 evdən biri qalıb. 1992-ci ildə 15 mindən çox adamın yaşadığı şəhərdə hazırda 2 min adam yaşayır. Bir çox erməni analitiklər bu rəqəmə də inanmırlar və bunu işğalçı rejimin statistika saxtalaşdırması ilə əlaqələndirirlər. Erməni portallarının dərc etdiyi şəkillərdə adamların olmaması da bu ehtimalları gücləndirir. Yəni işğalçı rejim görüntü xatirinə boş evlərin damlarını və divarlarını rəngləyərək gözə soxur.