Laçın dəhlizindən kimlər istifadə edəcək?
01 Oktyabr 2009 Cümə Axşamı 16:20
Politoloqlar hesab edir ki, Azərbaycanla Ermənistanın dəhlizdən birgə istifadəsi ölkəmizə heç bir problem yaratmayacaq
“Vaxtilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına gedən yol Xankəndindən, Gorusdan keçirdi. Bu yol həm bizim, həm Ermənistan, həm də bir çox keçmiş postsovet ölkələri üçün olduqca əhəmiyyətli idi. Düşünürəm ki, gələcəkdə Laçın dəhlizi də eyni statuslu yol ola bilər». Bu sözləri ANS PRESS-ə politoloq Rasim Musabəyov bildirib. Onun sözlərinə görə, Laçın dəhlizini də beynəlxalq magistrala çevirmək mümkündür: "Bunun üçün ilk növbədə dəhlizin təhlükəsizliyi tam olaraq təmin edilməlidir".

Gələcəkdə bunun ölkəmiz üçün hər hansısa problem yarada biləcəyinə gəldikdə isə politoloq hesab edir ki, əsas problemlər indi həll olunmalıdır: “Əsas problem qalıb. Biz isə gələcəkdə baş verə biləcək problemləri indidən müzakirə edirik”.

Politoloq Qabil Hüseynli isə ANS PRESS-ə bildirib ki, Laçın dəhlizinin birgə istifadəsi o zaman mümkün ola bilər ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansın. Onun sözlərinə görə, yalnız sülh sazişi bağlandıqdan sonra bütün kommunikasiyalar istifadəyə verilə bilər: “Bu kommunikasiya xətlərinə Bakı-Qazax-İcevan və Bakı-Ağdam-Şuşa yolu daxildir. İkinci yol Dağlıq Qarabağın anklav olmaqdan çıxaracaq. Hətta Türkiyə hökuməti düşünür ki, bu kommunikasiya xətləri yenidən bərpa olarsa, Naxçıvandan Tekirdağa qədər olan yolu uzatmaq mümkündür”.

Politoloq deyir ki, bunun üçün Azərbaycan kompromisə getməlidir: «Məhz bu kompromisdən sonra Azərbaycan da Laçın dəhlizindən ermənilərlə birgə istifadə edə bilər». Bu dəhlizin iki dövlət arasında birgə istifadəsində yarana biləcək problemlərə gəldikdə isə Q.Hüseynli hesab edir ki, burada ciddi problemlər yaranmayacaq. Onun fikrincə, ilk vaxtlarda müəyyən problemlər yarana bilər: “Bu əsasən psixoloji problemlər ola bilər. Milli zəmində yarana biləcək problemlər ola bilər. Amma iqtisadi faktorlar gec-tez bütün digər faktorları üstələyəcək. Bütün problemlər də öz həllini tapacaq”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Laçın dəhlizi Dağlıq Qarabağla əlaqə saxlamaq üçün ermənilərin istifadəsinə verilsə belə, həmin ərazi yenə də Azərbaycanın ərazisi hesab olunacaq. Onun sözlərinə görə, Azərbaycan tərəfi hər iki istiqamətdə hərəkətin təmin edilməsi üçün Laçın dəhlizinin ikitərəfli istifadəsi mövqeyindən çıxış edir: “Lakin Ermənistan tərəfi hələ ki, bu anlayış səviyyəsinə çatmayıb, ya da ki, çatmaq istəmir. Azərbaycan hər hansı şərt əsasında ərazisinin bir hissəsini Ermənistana verməyə hazırlaşmır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar