Kütləvi etirazlar dalğası Mərakeşə keçə bilər
19 Fevral 2011 Şənbə 04:28
Ölkə müxalifəti əhalini etiraz aksiyalarına çağırır
Mərakeş müxalifəti internet vasitəsilə əhalini kütləvi etiraz aksiyalarına çıxmağa çağırır. “20 Fevral” adlı qrup çağırışlar üçün “Facebook” və “Youtube” şəbəkələrindən istifadə edir.
Hakimiyyət əleyhinə hərəkatlar arasında yerli islamçılar daha fəal rol oynayırlar. Müxalifət Mərakeş hakimiyyətini korrupsiyada, yalnız elitanın maraqlarını güdməkdə və sadə insanların həyatından uzaq olmaqda ittiham edir.
Bununla belə, müxalifət liderləri əhalini kral Məhəmməd VI bil əl Həsənə qarşı çıxışlara çağırmırlar. Gözlənilən aksiyaların təşkilatçılarından olan Müntəzir Drissi bildirib ki, müxalifətin monarxiyaya qarşı heç bir iddiası yoxdur: “Biz istəyirik ki, Mərkeşdə elitanın yox, xalqın maraqlarını güdən hökumət olsun”. Müxalifət hökumətdə “xalqın içərisindən çıxanların” təmsil olunmasını tələb edir. Mərakeşin bir sıra şəhərlərin aksiyaların fevralın 20-də keçirilməsi planlaşdırılır. Hələlik hakimiyyət baş verənlərə reaksiya verməyib.
Qeyd edək ki, Misir və Tunisdəki hakimiyyət dəyişikliklərindən sonra Yaxın Şərq və Şimali Afrikanın bir sıra ölkələrində, xüsusilə, Liviya, Yəmən və Cibutidə hakimiyyət əleyhinə kütləvi aksiyalar başlayıb.
DOSTLARINLA PAYLAŞ: