«Kürd açılımı» və ya «Demokratik açılım» adı ilə Türkiyənin hakim partiyası AKP tərəfindən gündəmə gətirilən məsələ getdikcə böyüməkdədir. Bu məsələ bu gün qardaş dövlətin əsas prioritetlərindən birinə çevrilib. Bəzən bu məsələdə Naxçıvan Muxtar Respublikasının adı da hallanmaqdadır. Çünki, Naxçıvan da bu «açılım»da kürd əraziləri kimi göstərilir. Azərbaycanda isə hələ də çoxları «kürd açılım»ının və ya «demokratik açılım»ın nə olduğunu bilmir. Bunu nəzarə alaraq ANS PRESS bu məsləyə açıqlama gətirməyə çalışdı. Ekspetlərimiz isə təbii ki, politoloqlar oldu.
Türkiyə-PKK sövdələşməsi gedir?
«Türkiyənin ərazisində kürd dövlətinin yaradılması, əslində, kürdlərin özləri üçün əlverişli deyil. Bu məsələ Türkiyə cəmiyyətinin özündə də birmənalı olaraq müsbət qarşılanmır. Heç Türkiyə hökuməti özü də dövlətinin bölünməsinə imkan verməz». Bu sözləri ANS PRESS-ə Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Qəzənfəroğlu kürd açılımı ilə bağlı münasibətində bildirib.
Onun sözlərinə görə, «demokratik açılım» adlanan bu məsələ, Türkiyənin demokratikləşməsi istiqamətində atdığı növbəti kursun davamıdır: «Türkiyə demokratikləşmə istiqamətində, ölkədə yaşayan milli azlıqların özünü dərk etməsi və milli kimliyini tanıması istiqamətində olduqca böyük işlər görməkdədir. Bir müddət əvvəl Türkiyənin dövlət televiziyası nəznində kürd dilində yayımlanan «TRT Şeş» (TRT 6 ) televiziyası fəaliyyətə başladı. Kürd dilində məktəblərin açılması, kürd tələbələrin öz dilində təhsil almasına imkan yaradılıır. Kürd mədəniyyətinin təbliğinə şərait yaradılır. «Demokratik açılım»a silahlı münaqişələrə son, silahların yerə qoyulması və məsələnin sivil yolla masa arxasında davam etdirilməsi üçün atılır».
Millət vəkili vurğuladı ki, indi son qərar ancaq PKK-dan asılıdır: «Kürdlərin öz milli kimliyini tanımasının bir yolu var. O da silahı yerə qoyub demokratik və sivil yolla danışıqlara başlamalarıdır. Bunu əsas prioritet tutacaqlarsa, nəyəsə nail olacaqlar. Bu məsələdə kürdlərə heç bir muxtariyyətin verilməsindən söhbət getmir. İndiki şəraitdə bu mümkün də deyil».
Gələcəkdə Bərzaninin yaratdığı kürd vilayəti ilə Türkiyədə yarana biləcək kürd dövlətlərinin birləşməsinə və sonda «Böyük Kürdistan»ın yaradılmasına gəlincə, F.Qəzənfəroğlu deyir ki, artıq Bərzani də Türkiyə ilə bağlı bir zamanlar səsləndirdiyi fikirlərində korrektələr etmək məcburiyyətində qalıb: «İndiki şərtlərdə bu qətiyyən mümkün deyil. Türkiyə hökuməti buna imkan verməz. Birdə ki, bu addımlarla razılaşmayan və Bərzaninin hökuməti ilə birləşmək istəyən kürdlər, ən yaxşı halda Şiamli İraqa pənah apara bilərlər».
Kürd açılımı məsələsində Naxçıvanın adının hallanmasında və Naxçıvanın kürd torpaqları kimi göstərilməsi məsələsinə millət vəkili bunu əhəmiyyətsiz saydı. O bildirdi ki, bu məsələ Azərbaycanın dövlətçiliyinə təsir edə bilməz: «Çünki Azərbaycanda o qədər də böyük sayda kürd mənşəlilər yoxdur və onlar müstəqil dövlət yaratmaq iddiasında deyillər»
Böyük güclərin böyük Kürdistan planı
Politoloq Qabil Hüseynli isə ANS PRESS-ə bu məsələ ilə bağlı bildirdi ki, «kürd açılımı» anlayışı rəsmi Ankaranın kürd etnik qrupuna insan haqları və azadlıqları sayəsində islahatlar paketini özündə ehtiva edir. Onun sözlərinə görə, bu məsələdə terorçu PKK təşkilatının lideri Abdulla Öcalanın bəzi fikirləri də yer alıb: «Bir növ bu məsələ Türkiyənin ərazisində kürd mədəni muxtariyyətinin yaradılması, kürd dilinin rəsmi muxtariyyət dili elan edilməsi və kürd dilinin qanunu hüquqa malik olması, burada məktəb müəllimlərindən tutmuş, yerli özünü idarəetmə orqanlarında da kürdlərin təmsil olunması məqsədi güdür».
Politoloq vurğuladı ki, bu məsələyə böyük güclər əl qoysalar və Türkiyə bu məsələdə müəyyən güzəştlərə getsə, kürdlər hətta tam müstəqillik də əldə edə bilərlər. Amma digər tərəfdən bu məsələ ilə bağlı Türkiyənin özündə böyük etirazlar var: «Bu bir növ Şimali İraqdakı Bərzani hökumətinin modelinə bənzəyəcək. Bütün ali qanunlar türk qanunları, dövlət dili türk dili olacaq. Amma yenə də düşünmürəm ki, Türkiyə hökuməti buna razılıq versin».
Politoloq deyir ki, böyük güclərin planı var ki, Türkiyəni bölüb, orada kürd dövləti yaradıb, sonradan Bərzaninin kürd vilayəti ilə birləşdirib, sonunda böyük Kürdistan planını həyata keçirsinlər: «Bu gün Türkiyə parlamentində də 180 nəfər kürd parlamentarisi var. Türkiyə hökuməti indidən tədbir görməsə, sonunda kürdlər öz ideyalarına nail ola bilərlər».
Azərbaycan kürdlərinə gəldikdə, Q.Hüseynli deyir ki, Azərbaycanda kürd o qədər də çox deyil: «Bizdə 10-12 min kürd var, onların da böyük tələbləri yoxdur. İstər birinci, istərsə də ikinci dünya müharibəsindən sonra kürdlər dövlət qura bilmədilər. Əgər həmin vaxtı onlar müstəqil bir dövlət yarada bilmədilərsə, inanmıram ki, bundan sonra müstəqil ola bilsinlər. Bu, qətiyyən mümkün deyil».
Naxçıvanın kürd məsələsində adının hallanmasına gəldikdə, politoloq deyir ki, Naxçıvana ermənilər də iddia edir: «Naxçıvanda kürdlər əsasən Şərur rayonunda yaşayırlar. Bundan başqa Naxçıvan Türkiyə tərəfindən qorunur. Türkiyə buna heç vaxt imkan verməz. Bu baxımdan kürdlərin Naxçıvana iddiası da gülünc görünür».
Aqşin Rafiqoğlu/ANS PRESS/