Kür Sabirabadda daha bir bəndini yuyub
23 May 2010 Bazar 14:25
Bölgədə vəziyyət kritik olaraq qalmaqdadır.
Kür və Araz çaylarında suyun səviyyəsində azalma müşahidə olunsa da, bölgədə kritik vəziyyət hələ də davam edir. Sabirabad rayonunun mərkəzindən 35 km aralıda yerləşən "Sarısu" gölündə vəziyyət bu gün də kritik olaraq qalmaqdadır. Rayonun Muradbəyli kəndi ərazisində gölün yaxınlığından keçən hissəsində Kürün 100 metrə qədər bəndi sıradan çıxıb. Bu isə sel sularının "Sarısu" gölünə dolmasına səbəb olub.
11 min hektar sahəsi olan "Sarısu" gölündə əvvəllər suyun səviyyəsi 2-3 metr olurdusa, hazırda gölün dərinliyi bəzi yerlərdə hətta 15 metrə çatır. Ona görə də bu göl Sabirabada rayonun 6 kəndi üçün, o cümlədən Saatlı və İmişli rayonlarının bəzi kəndləri üçün təhlükə yaradır.
Kürlə "Sarısu" gölünün arasında yarılmış bəndin bərkidilməsi ilə bağlı hadisə yerində olmuş baş nazirin müavini Abid Şərifov bildirib ki, bəndi bərpa etmək olduqca çətindir. Çünkü həmin ərazini bütünlüklə su basıb və keçilməz vəziyyətə gətirib. Bu səbəbdən də həmin ərazidə texnika işləyə bilmir. Burda avtomobillərin hərəkətini bərpa etmək üçün yeni yol qurulmalıdır. Ona görə də hazırda həmin ərazi olduqca təhülkəlidir və hər an burda daşqın baş verə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: