Kot-d'İvuar prezidenti təslim olmağa hazırlaşmadığını bəyan etdi
06 Aprel 2011 Çərşənbə 01:46
O, orduya atəşin dayandırılması əmrinin verildiyini təsdiqləyib
Dünya tərəfindən tanınmayan Kot-d'İvuar prezidenti Loran Qbaqbo dövlət başçısı postunu tərk etməyə hazırlaşması barədə məlumatları təkzib edib. O, bəyan edib ki, doğrudan da hökumət qoşunlarına atəşin kəsilməsi barədə əmr verilib. Bununla belə, Loran Qbaqbo bildirib ki, təslim olmaq niyyətində deyil. “Hazırda ordu komandandığı atəşkəsin şərtlərini müzakirə edir. Lakin hər hansı siyasi qərar qəbul edilməyib”, - deyə Loran Qbaqbo Fransa telekanalına müsahibəsində bildirib.

Loran Qbaqbo deyib ki, prezident seçkiləri ilə bağlı mübahisələr davam edir. Onun fikrincə, Qərb ölkələrinin seçkilərin qalibi saydığı müxalifətçi Alassan Uattara ilə şəxsi danışıqlar ölkəni sülhə qaytarmağın yeganə yoludur.

Kot'd-İvuarda prezident seçkilərinin ötən ilin dekabrında keçirilən ikinci turunda rəqibi Alassan Uattaraya uduzan Loran Qbaqbo hakimiyyəti ona təhvil verməyib. Baxmayaraq, yeni prezidentin legitimliyi BMT tərəfindən roəsmən tanınıb. Qbaqbonun ordusu əleyhdarlarına qarşı ağır silahlardan istifadə edib. Müxtəlif məlumatlara görə, indiyədək baş verən toqquşmalarda 460-dan çox adam ölüb.

BMT Təhlükəsizlik Şurası Kot'd-İvuardakı zorakılıqlara son qoyulması ilə bağlı qətnamə qəbul edib. Qətnamədə seçkilərdə uduzan, amma hakimiyyətdən getməkdən imtina edən Loran Qbaqbo və yaxın ətrafına qarşı sanksiyaların tətbiqi də nəzərdə tutulur. Qbaqbo rejiminə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan və Alassan Uattaranın qanuni prezident kimi tanınmasını tələb edən qətnamə layihəsi Fransa və Nigeriya tərəfindən hazırlanıb. Sanksiyalar Loran Qbaqbonun, həyat yoldaşının və yaxın ətrafının xaricə səfərlərinə qadağanı nəzərdə tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar