Kosovonun müstəqilliyi beynəlxalq aləmə nə verəcək?
30 İyul 2010 Cümə 11:10
Hüquqşünas Səadət Yusifova öz kitabında bu suala cavab axtarmağa çalışıb.
Bu günlərdə hüquqşünas Səadət Yusifovanın “Kosovonun müstəqilliyinin birtərəfli şəkildə elan olunması və ya beynəlxalq hüququ nə gözləyir?” kitabı nəşr olunub. Kitabda Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsi beynəlxalq aləmdə necə qarşılanması, müstəqillik bəyannaməsinin bir çox qərb ölkələri tərəfindən dəstəklənməsinin separatizmdən əziyyət çəkən digər ölkələrdə narahatlıqla qarşılanması və s. barədə məlumatlar, təhlillər yer alıb.

Kitabda Haaqa Məhkəməsinin məşvərətçi rəyində mümkün cavabların doğuracağı nəticələr proqnozlaşdırılır və onun məcburi qüvvəyə malik olmasa da, beynəlxalq hüquq doktrinasına təsir göstərmə ehtimalı qeyd edilir. Birtərəfli sesessiyaların mənəvi təhlükəsi və alternativ həll yolları təklif olunur. Kosovo və Cənubi Osetiya hadisələrinin beynəlxalq münasibətlər sistemini dəyişmə ərəfəsində olduğu, çoxqütblü əsasda və ərazi bütövlüyü prinsipi üzərində qurulmalı olan yeni sabit beynəlxalq münasibətlər sisteminin yaradılması ilə bağlı islahatların qaçılmazlığı qeyd olunur.

2000 tirajla nəşr olunan kitab nəinki hüquqşünaslar, politoloqlar üçün, həm də geniş ictimaiyyət üçün maraqlıdır. Nəşr ali təhsil məktəbləri, hüquq mühafizə orqanları, elmi müəssisələr və hüquqşünaslar arasında pulsuz paylanacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar