Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək
12 İyul 2012 Cümə Axşamı 04:21
İlham Əliyev: Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin.
APA-nın verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
Prezident bildirib ki, bu islahatların böyük bir hissəsi artıq icra edilib, həm qanunvericilikdə, həm verilən qərarlarda və gündəlik həyatda öz əksini tapıb. Beynəlxalq təşkilatlar, mötəbər maliyyə təşkilatları ölkənin uğurlarını qeyd edib. Dünyanın üç aparıcı reytinq agentliyi – “Standard & Poor’s”, “Fitch” və “Moody’s” Azərbaycanın kredit reytinqini artırıb. Baxmayaraq ki, Avropa ölkələrinin və Avropa banklarının reytinqləri eyni agentliklər tərəfindən aşağı salınıb, Azərbaycanın kredit reytinqi qalxıb.
O bildirib ki, biznes mühitinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər baş verib. “Ancaq hesab edirəm ki, daha da yüksək pilləyə qalxmaq üçün imkanlar var. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq yeni addımlar, əminəm ki, bu il biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaq”.
Prezident dövlət orqanlarının elektron xidmət sisteminə keçməsi prosessinin sürətləndirməsinin vaçibliyini vürğulayıb. “Bəzi dövlət qurumları bu sahədə çox sürətlə irəliyə gedirlər, bəzi qurumlar hələ ki, ləng tərpənirlər. Elektron sistemə keçid qaçılmaz bir reallıqdır. Bu, labüddür və biz bunu etməliyik. Dünya iqtisadiyyatının inkişafı bu istiqamətdə gedir, eyni zamanda, bu, bizə həm şəffaflıq gətirəcəkdir, həm çox məsələlər daha da dəqiq təşkil ediləcək və xoşagəlməz hallara qarşı mübarizə daha da güclü olacaq”.

Dövlət başçısı qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr var. “İctimaiyyət də görülən işlər haqqında mütəmadi qaydada məlumat alır, məlumatlandırılır. Bu mübarizə davam etdiriləcək. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir. Elə etməliyik ki, bu böyük bəlanı Azərbaycandan çıxaraq, buna son qoyulsun. Bu sahədəki işlər daha da sürətlə getməlidir. Burada, əlbəttə ki, cəza tədbirləri tətbiq olunmalıdır. Əfsuslar olsun, hələ ki, bunsuz mümkün deyildir. Eyni zamanda, institusional islahatlar, tədbirlər, yenə də elektron sistemə keçid, “elektron hökumət”in bütün əlamətlərini tətbiq etməklə biz daha da ciddi nəticələrə çata bilərik. Burada, əlbəttə, hələ ki, təkmilləşdirməyə imkanlar çoxdur. Əminəm ki, növbəti aylar ərzində daha da böyük nəticələr olacaq”.
Öz çıxışında prezident bərpa olunan enerjidən istifadə texnologiyalarının ölkədə inkişafı etdirilməsinin ehmiyyətini qeyd edib.
Bakının əkoloji vəziyyətinin yaxşılaşdırılması barədə danışan prezident deyib ki, paytaxta və və ətraf qəsəbələrdə çirklənmiş göllər həddindən artıq çoxdur. Təxminən 30-a qədər gölə lay suları, kanalizasiya suları axır. Bu Bakının müasir simasına uyğun gəlmir. Hazırda İqtisadi İnkişaf Nazirliyi və “Azərsu” şirkəti bu məsələ ilə bağlı təkliflər hazırlayır. “Biz bu gölləri təmizləməliyik, abadlaşdırmalıyıq, kanalizasiya və drenaj sistemlərini yaratmalıyıq ki, bu göllərdən Bakı sakinləri və onun qonaqları istifadə etsinlər. Hazırda çox acınacaqlı mənzərə təşkil edən bu göllər gözəl, şəffaf göllərə çevrilməlidir”.
Dövlət başçısın sözlərinə görə, ölkənin maliyyə vəziyyəti bütövlükdə yaxşıdır. İlin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 44 milyard dollar səviyyəsindədir. İlin sonuna qədər bu rəqəm artmalıdır. Aşağı səviyyədə olan xarici dövlət borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir. Bu, dünya miqyasında ən müsbət göstəricilərdən biridir.
Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsi ilə bağlı prezident deyib ki, müsabiqə ölkəni dünyaya olduğu kimi təqdim etməyə imkan yaradıb. “Ancaq sözün düzü, keçən il bizim istedadlı gənc müğənnilərimiz Almaniyada keçirilən müsabiqədə qalib gəldikdə heç təsəvvür edə bilməzdik ki, bu müsabiqə bu qədər siyasiləşdiriləcək. Çünki bu vaxta qədər bu müsabiqə sadəcə olaraq mahnı yarışması idi, bunun heç bir siyasi tərəfi olmamışdı və ola da bilməz. Ancaq əfsuslar olsun ki, Azərbaycana gəldikdə bunu siyasiləşdirmək istəyən qüvvələr tapıldı və deyə bilərəm ki, Azərbaycana qarşı böyük və çirkin kampaniya başlayıb”.
Prezident qeyd edib ki, Bakıda keçirilən “Eurovision” müsabiqəsi təşkilati nöqteyi-nəzərdən ən gözəl müsabiqə olub. Azərbaycana gələn minlərlə xarici qonaqlar təşkilati məsələləri yüksək qiymətləndirib və bütövlükdə Bakıya heyran olub. Bu baxımdan Bakıda keçirilmiş “Eurovision” müsabiqəsi başqa şəhərlər üçün nümunə ola bilər. “Ancaq bununla bərabər, biz gözlənilməz kampaniya ilə də üzləşdik. “Eurovision”un tarixində heç vaxt siyasi məqamlar olmayıb. Burada antiazərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə gedib. İlk növbədə, erməni lobbisi və bu məsələ ilə bağlı mən əvvəllər də demişəm, bu gün də deyirəm, “Eurovision” müsabiqəsi bir daha mənim sözlərimi təsdiqləyir ki, bizim üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir. Onlar gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaq üçün çalışırlar və bütün maliyyə-siyasi qüvvələrini səfərbər edirlər ki, təki Azərbaycana zərbə vursunlar. Erməni lobbisi, ondan sonra digər qurumlar, digər dairələr, Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Bunu da mən təəssüf hissi ilə deyə bilərəm. Belə fikirlər səsləndi ki, müsəlman ölkəsində Avropa müsabiqəsi keçirilə bilməz. Bu, əlbəttə ki, çox məyusedici bəyanatlardır. Düzdür, belə qüvvələrin Qərb dünyasında, siyasi müstəvidə çəkisi çox aşağı səviyyədədir. Ancaq bu qüvvələr, belə partiyalar, bu fikirdə olan siyasətçilər əfsuslar olsun ki, var.
Əgər belə təsnifat aparsaq deyə bilərəm ki, üçüncü qüvvələr sadəcə olaraq Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, Azərbaycanın böhranlı illərdə bu qədər inkişaf etdiyini həzm edə bilməyən və sadəcə olaraq uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir”.
Prezident bildirib ki, Azərbaycanın inkişanı qəbul etməyən qüvvələrə qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr var. “Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil ediblər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək – bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada ümumiyyətlə özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində. Çünki Azərbaycanın inkişafı bu günün işi deyil. Bu, ardıcıllıqla gedən bir inkişafdır”. 1990-cı illərin ortalarından bu günə qədər hər il inkişaf, gözəllik, abadlıq - indi Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bunu biz demirik, xarici qonaqlar deyirlər. Bunlar üçün bu, daimi stressdir və yəqin ki, onların məntiqsiz hərəkətləri illərcə yığılmış bu stressin təzahürüdür. Çünki o hərəkətləri başqa cür izah etmək mümkün deyildir.
“Eurovision”a qədər 20-ci Sahədə ayrılan yerdə üç mitinq keçirilb. Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. Yaxşı, “Eurovision” artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! Hacıbala Abutalıbov onlara müraciət etsin və onları 20-ci Sahəyə dəvət etsin. “Eurovision” növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik.
Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar – milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr. Ancaq bütün bu cəhdlərə və bizə qarşı bu çirkin kampaniyaya baxmayaraq, yenə də biz qalib gəldik - Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəlib”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar