Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
11 Yanvar 2012 Çərşənbə 00:45
Qərar Konstitusiyaya və Mülki Prosessual Məcəlləsinə zidd hesab olunub.
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun açıq məhkəmə iclası keçirilib. AzərTAc xəbər verir ki, iclasda Ali Məhkəmənin Mülki kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, Nizam Babayevin Məhsun Babayevə və digərlərinə qarşı kooperativin ümumi yığıncağının qərarlarının ləğv olunması, mənzilin ona qaytarılması iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
DOSTLARINLA PAYLAŞ: