Komissiya üzvləri təyyarənin düşdüyü yeri uzaqdan görüblər
08 İyul 2011 Cümə 18:35
Adil Qasımov: "Həmin təyyarənin "Silk way" şirkətinə aid olduğu sübuta yetirilməyib".
Bu gün Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğradığı yerə yollanan komissiya üzvləri təyyarənin düşdüyü yerə çata bilməyib. Bu barədə qəzanı araşdıran Azərbaycan komissiyasının üzvü, “Silk Way” aviaşirkətinin direktorunun keyfiyyət üzrə məsləhətçisi Adil Qasımov ANS-ə məlumat verib.

Onun sözlərinə görə, buna səbəb hazırda təyyarənin qəzaya uğradığı zonada koalisiya qüvvələrinin antiterror əməliyyatı aparmasıdır.

Komissiya üzvlərini aparan hərbi vertolyot Bakı vaxtı ilə saat 10:30-da Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin (IFAS) müşayiəti ilə Baqram aeroportundan havaya qalxıb. Azərbaycan nümayəndə heyəti vertolyotdan endikdən sonra təyyarənin qəzaya uğradığı dağlıq əraziyə qədər müəyyən məsafəni zirehli transportyorlarla getməli, daha sonra isə təxminən üç saatlıq yolu da piyada qət etməli idilər.

"Komissiyanın üzvlərindən bir neçə nəfər koalisiya qüvvələri ilə bir yerdə ərazini öyrənmək üçün irəli gedib. Amma onlar da təyyarə düşən yeri yalnız uzaqdan görə biliblər. Amma yenə də təyyarənin "Silk way" şirkətinə aid olduğu sübuta yetirilməyib. Qəza olan yerdə“Silk Way”in simvolu, yaxud da başqa bir göstərici yoxdur. Hazırda irəli gedən qrup da geri qayıdıb və geniş iclas keçirilir”, deyə A. Qasımov qeyd edib.

A. Qasımov deyir ki, hazırda onlar həmin iclasın yekununu gözləyirlər.

Qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyaya Əfqanıstan, Azərbaycan və Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin (IFAS) nümayəndələri, həmçinin "Silk Way" şirkətinin nümayəndələri daxildir. Azərbaycan tərəfdən komissiyanın rəhbəri “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirovdur.

Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus "İl-76" təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Əfqanıstanın Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.

"Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin "Taliban" tərəfindən vurulduğunu bildirib.

Qəza nəticəsində təyyarənin 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşıdır.

Kabil Beynəlxalq Hava Limanının prezidenti isə ANS-ə eksklüziv açıqlamasında bildirmişdi ki, Azərbaycan təyyarəsinin "qara qutu"su tapılıb.

“Qəzanın başvermə səbəbini heç kim bilmir. "Qara qutu" ətrafında təhlil və araşdırma aparılandan sonra xüsusi komanda qəzanın baş vermə səbəbini elan edəcək. Bu isə bu gün axşam, yaxud sabah olacaq", deyə Kabil Beynəlxalq Hava Limanının prezidenti Rasuli vurğulayıb.

O da məlum olub ki, Əfqanıstanda qəzaya uğrayan Azərbaycanın "Silk Way" aviaşirkətinin "İl-76" yük təyyarəsi və gəmidə olan heyət Azərbaycanın "İpək Yolu" sığorta şirkəti (əvvəlki "Azal Sığorta") tərəfindən sığortalanıb. Hadisəyə görə sığorta ödənişi ilə bağlı vəsaitin ayrılmasına isə qəzanın səbəblərini araşdırmaq üçün yaradılmış komissiyanın son qərarından sonra başlanacaq.

ANS PRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar