Kolumbiyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
14 Oktyabr 2011 Cümə 17:56
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Kolumbiyanın xarici ticarət naziri Qabriel Düke ilə görüşüb.
 Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Kolumbiya arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Daha sonra Ə. Qarayev Azərbaycanın geniş turizm potensialı haqqında qonağı məlumatlandırıb və Kolumbiyada fəaliyyət göstərən turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisində iştiraka dəvət edib.

Sonra 2012-ci ilin sentyabr ayında Kolumbiyada keçirilməsi nəzərdə tutulan Azərbaycan Mədəniyyət Günləri geniş müzakirə olunub. Ə. Qarayev Mədəniyyət Günləri hazırlıq çərçivəsində Kolumbiyalı jurnalistlər tərəfindən Azərbaycan haqqında reportaj hazırlanması təklifini irəli sürüb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar