Kiyevdə Azərbaycanın sözü qəzetinin təqdimat mərasimi keçirilib
18 Mart 2011 Cümə 01:26
Azərbaycan dilində Azərbaycanın sözü qəzetinin nəşr olunması Ukrayna cəmiyyətinin tolerantlığının təzahürü kimi qiymətləndirilir.
Ukrayna paytaxtında Azərbaycan dilində nəşr olunan “Azərbaycanın sözü” qəzetinin ilk sayının təqdimat mərasimi keçirilib. Bu barədə məlumatı ANS PRESS-ə qəzetin baş redaktoru Azər Qardaşlı verib. Mərasimdə ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan qəzetin təsisçisi “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatının rəhbəri Hikmət Cavadov mərasim iştirakçılarını Beynəlxalq Novruz günü münasibətilə təbrik edib, layihənin gerçəkləşməsində nəşrin yaradıcı heyətinə minnətdarlığını bildirib, qəzetin geniş oxucu auditoriyası qazanacağını əminliklə qeyd edib.

Nəşrin baş redaktoru Azər Qardaşlı qəzetin ərsəyə gəlməsindən, onun məram və məqsədlərindən ətraflı söhbət açıb, qeyd edib ki, azərbaycançılıq və dövlətçilik prinsiplərinə xidmət edən “Azərbaycanın sözü” Ukraynada yaşayan hər bir azərbaycanlının tribunası olacaq və bu qəzet soydaşlarımızın ailə qəzetinə çevriləcək. Tədbirdə iştirak edən yerli kütləvi informasiya və ictimai təşkilatların nümayəndələri Ukraynada Azərbaycan dilində qəzetin nəşr olunmasını Ukrayna cəmiyyətinin tolerantlığının təzahürü kimi qiymətləndirib.

Mərasimin sonunda qonaqlar Novruz süfrəsinə dəvət olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar