KİVDF-də APA-nın redaktorunun şikayətinə baxılıb
19 Mart 2012 Bazar Ertəsi 17:51
Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) APA İnformasiya Agentliyinin redaktoru Cavid Cabbaroğlunun (İsmayılın) müraciətinə baxılıb.
Fonddan APA-ya verilən məlumata görə, Cavid Cabbaroğlu KİVDF-nin 2012-ci il Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri ilə bağlı Fondun icraçı direktoruna ərizə ilə müraciət edib. O, müraciətində müsabiqəyə təqdim etdiyi yazı barədə ekspert rəyləri ilə razılaşmadığını bildirərək, nəticələrə yenidən baxılmasını xahiş edib.

Martın 19-da Fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğlunun, yazıları qiymətləndirən ekspertlər - “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, eləcə də APA İnformasiya Agentliyinin redaktoru Cavid Cabbaroğlunun iştirakı ilə müraciətə baxılıb.

Müşahidə Şurasının sədri Umud Rəhimoğlu bildirib ki, Cavid Cabbaroğlunun müraciətindən sonra onun müsabiqəyə təqdim etdiyi material və ekspertlərin bu yazı barədə rəyləri bir daha araşdırılıb: “Araşdırma nəticəsində məlum olub ki, ekspertlər Cavid Cabbaroğlunun yazısını müsabiqə elanında açıqlanmış “Qiymətləndirmə meyarları”na uyğun olaraq qiymətləndiriblər. Qarşı tərəfin narazılığı isə onun müsabiqənin şərtləri ilə tanış olmamasından yaranıb. Umud Rəhimoğlu bildirib ki, jurnalist yazılarını qiymətləndirən təcrübəli ekspertlər məhz müsabiqənin “Qiymətləndirmə meyarları”ndan çıxış edərək yekun nəticəyə gəlirlər. Bəzi hallarda ədəbi-bədii, dil-üslub xüsusiyyətləri baxımından normal təəssürat yaradan yazılar əvvəlcədən elan edilmiş “Qiymətləndirmə meyarları”na uyğun olmadığı üçün lazımi bal toplaya bilmirlər”.

Sonra hər üç ekspert ayrı-ayrılıqda çıxış edərək, Cavid Cabbaroğlunun yazısına verdikləri balların müsabiqənin “Qiymətləndirmə meyarları”na uyğunluğunu əsaslandırıblar. Ekspertlər Cavid Cabbaroğluna izah ediblər ki, onun müsabiqəyə təqdim etdiyi yazı bədii-publisistik janrda yazılıb və müəllifin şəxsi təəssüratlarının bədii ifadəsi baxımından yüksək qiymətləndirilib. Lakin Fondun “Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi” araşdırma yazılarına həsr edilmiş müsabiqə olduğu üçün Cavid Cabbaroğlunun təqdim etdiyi yazı müsabiqə şərtlərinə, o cümlədən müəllifin seçdiyi “İctimai və dövlət maraqlarının qorunması” istiqamətinə tam uyğun olmayıb. Bundan əlavə, yazı müsabiqənin əsas “Qiymətləndirmə meyarları”ndan olan “Dil-üslub xüsusiyyətləri, bədii estetik ifadə” baxımından qənaətbəxş qiymətləndirilsə də, “mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma”, “materialın oxucu üçün informasiyalılıq, maarifləndirmə səviyyəsi”, həmçinin “jurnalist obyektivliyi, qərəzsizliyi, məsuliyyəti” üzrə yetərli bal toplaya bilməyib. Nəticədə o, müsabiqənin qalibləri sırasına düşə bilməyib. Jurnalistə tövsiyə edilib ki, növbəti müsabiqələrə qatılan zaman müsabiqə şərtləri ilə tanış olaraq hazırladığı materialı həmin şərtlərə uyğunlaşdırsın.

“Ekspertlərin çıxışlarından sonra Cavid Cabbaroğlu razılaşıb ki, müsabiqəyə təqdim etdiyi yazını hazırlayarkən Fondun şərtlərinə yox, sərbəst yaradıcılığa üstünlük verib. O, xüsusən də ekspertlərin yazıda “mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma” meyarının nəzərə alınmaması barədə haqlı iradlarını qəbul edib” - deyə açıqlamada bildirilir.

Cavid Cabbaroğlu isə APA-ya açıqlamasında bildirib ki, müzakirələr normal atmosferdə keçib: “Müsabiqəyə təqdim etdiyim “BBC: Bakı-Biləsuvar-Culfa” başlıqlı yazı publisistik yazı idi və müsabiqənin də şərtləri ilə yetərincə tanış olmuşam. Sadəcə, ekspertlər publisistik yazıya “jurnalist araşdırması” meyarından çıxış edərək yanaşıblar ki, mən də bunun normal olmadığını, amma irad kimi qismən qəbul etdiyimi onların nəzərinə çatdırdım”.

Cavid Cabbaroğlu qeyd edib ki, nəticələr elan olunduqdan bir gün sonra müsabiqə qalibləri mükafatlandırılıb, bu isə keçirilən müzakirənin və bu nəticələrdən şikayətə baxılmasının qərara təsir edəcək dəyişikliyə səbəb olmayacağı deməkdir: “Bizə sadəcə qiymətləndirmə meyarlarını və qiymətləndirənlərin kimliyini öyrənmək maraqlı idi”.

C.Cabbaroğlu deyib ki, fondun icraçı katibliyinin nümayəndəsi bildirib ki, bayram tətilindən sonra qalib elan olunmuş yazılar KİVDF-nin saytında yerləşdiriləcək: “Güman edirəm ki, onda daha yaxşı müqayisə aparmaq imkanı olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar