Şimali Kiprin Doğu Akdeniz Universitetində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım yürüş mitinqi keçirilib.
Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində də eyni adlı universitetin Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım yürüş-mitinqi keçirilib.
Yürüş zamanı “Ya Qarabağ ya ölüm”, “Qarabağ bizimdir bizim olacaq”, “Justice for Khodjaly’” və digər şüarlar səsləndirilib. Yürüşə xarici tələbələr də qoşulub.
Bu çərçivədə təşkil olunan tədbirdə bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilib və Azərbaycan və Türkiyənin himni səslənib.
Sonra universitetin Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Toğrul İbrahimli Xocalı ilə bağlı çıxış edib. O çıxışı zamanı tələbələri daha da bir olmağa, birliyə səsləyib.
Bundan sonra Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri, DAU-nun türk ölkələri üzrə rektor kordinatoru Orxan Həsənoğlu çıxış edib. O, dünya birliyinin hələ də bu vəhşiliyə biganə yanaşmasından şikayətlənib : “Hər kəsin çox yaxşı bildiyini, buna rəğmən dünya birliyinin buna susduğunu. Məncə, biz Xocalı da torpaqlarımızı itirmədik, duyğularımızı itirdik. Dünya birliyi hələ də bu vəhşiliyə susur”.
Tədbirdə çıxış edən Doğu Akdeniz Universitetin rektoru, professor Abdullah Öztoprak çıxışnda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri qəti şəkildə pisləyərək, Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında törətdiyi vandalizmdən, dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsindən danışıb.
Tədbir televiziya və başqa kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılıb.
Fotolar Vahab Dadaşlı tərəfindən çəkilib.