Kəmaləddin Heydərov: “Zəlzələ bölgəsində 2984 fərdi ev sakinlərə təhvil verilib”
08 Yanvar 2013 Çərşənbə Axşamı 02:07
"Tikintisinə başlanılan 35 məktəb binasından 22-si artıq istifadəyə verilib, qalan məktəblər də qısa müddətdə tamamlanacaq"
“Bu günədək zəlzələ bölgəsində 2984 fərdi ev tikilərək sakinlərə təhvil verilib. Həmin evlərdə artıq əhali yaşayır. Ümumiyyətlə, hər həftə yeni-yeni fərdi evlər rayonların icra hakimiyyətləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən əhaliyə təhvil verilir”.
AzərTAc xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qax rayonunun Dəymədağlı kəndində yeni inşa edilmiş məktəb binasının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
“Bu, bizim regiona növbəti gəlişimizdir. Səfər zamanı Balakən, Zaqatala və Qax rayonlarının zəlzələdən zərər çəkmiş kəndlərində bir neçə məktəb binasının açılışında iştirak etdik. Daha sonra Şəki şəhərində də Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş 2 məktəb binasının açılış mərasimləri keçiriləcək. Sevindirici haldır ki, bu təhsil ocaqları Yeni ilin ilk dərs günündə şagirdlərin istifadəsinə verilir. Ümumiyyətlə, tikintisinə başlanılan 35 məktəb binasından 22-si artıq istifadəyə verilib. Qalan məktəblər də qısa müddətdə tamamlanaraq təhvil veriləcək”, - nazir bildirib.
Nazir müsahibəsində deyib ki, son vaxtlar Gürcüstan ərazisində baş vermiş güclü zəlzələ nəticəsində Balakən rayonunun ərazisində də evlərə ciddi zərər dəyib. Komissiyaların apardığı araşdırmalar artıq başa çatıb. Təxminən 1500-ə yaxın evin zərər çəkdiyi müəyyənləşmişdir. Tezliklə həmin evlərin də tikintisinə başlanılacaq. Həmin evlərin cari ilin mayınadək təhvil verilməsi nəzərdə tutulur. Bu rayonlarda tikintisinə əvvəllər başlanılmış evlərin çox az qismi təhvil verilməmiş qalır. Artıq bu evlərin inşasında tamamlanma işləri görülür. Yaxın günlərdə həmin evlər də əhaliyə təhvil veriləcək.
Fövqəladə hallar naziri zəlzələ bölgəsinə tikinti materialları daşınarkən ağır texnikanın işləməsi səbəbindən avtomobil yollarının bir hissəsinin yararsız hala düşdüyünü, yollara dəymiş ziyanın müəyyənləşdirilməsi üçün əlavə hesablama aparılacağını bildirib.
DOSTLARINLA PAYLAŞ: