Kəmaləddin Heydərov Zaqatalada zəlzələdən zərər çəkən sakinlərlə görüşüb
12 Fevral 2013 Çərşənbə Axşamı 15:03
Fövqəladə hallar naziri onların şikayətlərini dinləyib
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Zaqatalada yerli sakinlərlə görüşü başa çatıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nazir Gözbarax və Mamrux kəndlərindən sonra rayonun Çobankol kəndində də olub. Çobankol kənd mədəniyyət evində ətraf kəndlərin sakinləri ilə də görüşən K. Heydərov onların şikayətlərini dinləyib.

Nazir yerli sakinlər tərəfindən səslənən bəzi məsələlərin araşdırılması üçün lazımi tapşırıqlar verib.

K. Heydərovun bu gün Balakən rayonunda da yerli sakinlərlə görüşü gözlənilir.

***
saat 12.36

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfəri çərçivəsində Zaqatalada yerli sakinlərlə görüşüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Gözbarax kəndində keçirilən görüşdə Gözbarax, Mamrux, Cimcimax və daha bir neçə ətraf kəndlərin sakinləri iştirak ediblər.

Sakinlər zəlzələ nəticəsində evlərinə dəymiş ziyanın yenidən qiymətləndirilməsi üçün evlərə təkrar baxış keçirilməsini nazirdən xahiş ediblər.

K. Heydərov sakinləri dinlədikdən sonra evlərə təkrar baxış keçiriləcəyini, komissiyaların baxışın nəticəsinə uyğun addım atacağını bildirib: “Komissiyalar qəzalı evlərdən hansının yenidən tikilməli olduğuna dair rəy versə, həmin evlərin yerində yenisi inşa olunacaq. Təmir-bərpa rəyi veriləcək evlər üçün isə dövlət tərəfindən kompensasiyalar ödəniləcək”.

K. Heydərov Mamrux kəndindən olan bir neçə sakinin evinə isə özünün iştirakı ilə baxış keçiriləcəyini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar