Kəmaləddin Heydərov ABŞ səfiri ilə görüşdü
15 Aprel 2011 Cümə 20:07
Kəmaləddin Heydərov ABŞ səfiri ilə görüşdü. Görüşdə FHN-in ABŞ-ın Ordu Mühəndis Korpusu ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları haqqında, habelə nazirlik tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Həmçinin görüşdə vacib infrastrukturun mühafizəsi, Xəzər dənizində baş verə biləcək fəlakətlərin aradan qaldırılması ilə bağlı təlimlər, daşqınların idarə olunması, ABŞ-ın Avropa Komandanlığı və Ordu Mühəndis Korpusu ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Səfir də öz növbəsində, Azərbaycan və ABŞ-ın müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: