Kazan görüşündən nə gözləmək olar?
07 İyun 2011 Çərşənbə Axşamı 22:20
Metyu Brayza: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının vaxtı çatıb".
Rəsmi Bakı hesab edir ki, prezidentlərin Kazan görüşündən gözləntilər çoxdur. Bununla belə sülh sazişini razılaşdırmaq məhz Ermənistandan asılıdır. Ermənistan razılıq versə, “Yol xəritəsi”ndə əksini tapan prinsiplər çərçivəsində sülh sazişi üzərində işi başlaya bilərik. Xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kazan görüşü ərəfəsində mövcud vəziyyəti qiymətləndirərkən belə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona yeni təkliflərlə gəlməyiblər. Bu səfər də əvvəlki təkliflər əsasında müzakirələr aparılır.
“Erməni qoşunları işğal altında olan ərazilərdən nə qədər tez çıxarılsa, sülhə o qədər tez nail olunar” deyən E. Məmmədyarov Dağlıq Qarabağ probleminin həlli ilə bağlı əsas prinsiplərdən bəhs edib: “Bunlar qoşunların işğal edilmiş ərazilərdən çıxarılması, kommunikasiyanın açılması, ərazilərin bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması, sülhməramlı qoşunların yerləşdirilməsi və s. Bunlar “Yol xəritəsi”ndə də var. Çalışırıq bunların üzərində işi davam etdirək”.
Elə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza da Kazan görüşündə baza prinsiplərinin razılaşdırılacağına ümid edir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının vaxtı çatıb: “Umid edirəm ki, prezidentlərin Kazan görüşündə proqressiv irəliləyişlər olacaq”.
Qeyd edək ki, Ermənistan Qarabağın status məsələsinin ilkin olaraq həllini israr edir.
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bəyan edir ki, Dağlıq Qarabağda referendum keçirilməsi danışıqlar prosesinin son mərhələsində olmalıdır. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət tələb edir ki, regionda status-kvo dəyişdirilsin, yəni Azərbaycanın torpaqları işğaldan azad olunsun, məcburi köçkünlər öz yurdlarına qayıtsın: “Bu ümidləri doğrultmaq üçün Ermənistan prezidenti özündə siyasi iradə tapmalı, mövqeyini bildirməlidir. Ermənistan tərəfi müxtəlif bəhanələr gətirərək danışıqlar prosesini uzatamağa çalışır. Bu isə qeyri-konstruktiv addımdır”.
Qeyd edək ki, Kazan görüşünə hazırlıq məqsədilə şənbə günü Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada bir araya gələcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: