Kazan: erməni budaq cümləsində Rusiya bağlayıcısı
27 İyun 2011 Bazar Ertəsi 00:56
Sülh istəyirsənsə müharibəyə hazırlaş! At vaxtı isə çoxdan keçib…
…Əslində gözlənilməz heç nə baş vermədi.

Ermənistan və Azərbaycan arasında xroniki danışıqların növbəti raundu oldu, o da həmişəki kimi başa çatdı. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən 3 dövlətin rəhbərlərinin bir az əvvəl tərəflərə ünvanladığı çağırış elə bu ayın sonuna qədər təsir qüvvəsini itirməyə başladı. Artıq iyunun 22-də Qarabağ danışıqları ətrafında heç bir məna kəsb etməyən boz bir fon yarandı. Xüsusilə hər iki ölkənin liderlərinin danışıqlara bir sutka qalmış verdiyi bəyanatlardan sonra aydın oldu ki, Kazanda möcüzə baş verməyəcək.

…Bu çıxışlardan sonra liderlərin danışıqlarda öz mövqelərini birdən-birə 180 dərəcə dəyişəcəyi və münaqişəni bir həmlədəcə həll edəcəyi inandırıcı deyildi. Ümid yalnız tərəflərə oluna biləcək təzyiqə qalırdı ki, burada da yalnız ən sadədil adamın ağlına gələ bilərdi ki, Rusiya Ermənistana təzyiq imkanlarından istifadə edib onu darıdan çıxara bilər. 20 illik münaqişə təcrübəsi isə artıq Azərbaycanda sadədil qoymayıb.

Ermənistan Kazan danışıqlarına köhnə formatda gəlirdi.

Serj Sarqsyanın bir gün əvvəl Avropa Şurasının tribunasından söylədikləri onun Kazanda hər hansı güzəştə getməyəcəyinin anonsuydu:

Neçə illər qabaq Robert Koçaryan da bu tribunadan beləcə çıxış etmişdi.

O zaman Koçaryanın öz hərbi keçmişi ilə qürrələnməsi ideoloqlarımızın karına gəlmiş, bir müddət biz Koçaryanı hətta nəzəri cəhətcdən Haaqa tribunalının tribunasında təsəvvür də etmişdik. Amma həyat göstərdli ki, Koçaryanı qoruyan arqumentlər də var.

İndi isə Azərbaycanın Kazan görüşündən əvvəl vitrinləşdirdiyi mövqeyi təhlil etməyə çalışaq. Birləşmiş Ştatlar, Rusiya və Fransa liderlərinin tərəflərə iyunun sonundan faydalı istifadə etmək çağırışını Bakı dərhal dəstəklədi. Azərbaycana qəribə bir nikbin fon çökdü.Ta Sarkisyanın bayaqkı çıxışına qədər:

Bu addım təbii ki, Azərbaycanı qıcıqlandıracaqdı. İlham Əliyev əvvəlcə əlahiddə götürülmüş Serj Sarkisyanın arqumentlərinin üzərinə getdi.

Prezidentin görüşə bir gün qalmış Evronyus-a verdiyi müsahibədə söylədiyi bu fikir isə təkcə Ermənistana ünvanlanmamışdı.

Yadımıza salaq ki, Azərbaycanın bu tonda danışması əvvəllər dəfələrlə Ermənistanın və onun əsas müttəfiqi olan Rusiyanın kəskin tənqidi ilə rastlaşmış, neqativ rəy Dmitriy Medvedyevin Ermənistanda ötən il verdiyi bəyanatda da öz əksini tapmışdı.

Kollektiv Təhlükəsizlik Müqaviləsi üzvlərinin İrəvanda bu yaxınlarda keçirdiyi son toplantıda isə Baş katib, Rusiyanın təmsilçisi Nikolay Bordyuja ona xas olmayan politoloq funksiyalarının altına girərək Azərbaycanın vaxtaşırı əzələ nümayişini Bakının vəziyyəti gərginləşdirməsi tək qiymətləndirmişdi. Rusiya Azərbaycandan indiki şəraitdə nə qədər sərt olmaq mümkünsə bir o qədər sərt şəkildə belə çıxışları dayandırmağı tələb etmişdi. Amma Azərbaycan prezidenti bunu bilə-bilə öz opponentlərinin üzərinə getdi.

Bununla da Bakı sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü prinsipini özmüqəddaratını təyin etməyə güzəştə getmək fikri yoxdur…

Hər halda Kazan görüşü nəticəsiz başa çatdı.

Və mən burada “prezidentlərin görüşü özü bir nəticədir” kimi növbətçi demaqoqiyanı, görüşün səmərəsizliyini rus dilinin zəngin imkanları arxasında gizləyən növ-növ formulları qəbul etməyənləri yaxşı anlayıram. Xatırlayırsınızsa, Kazan danışıqlarından əvvəl Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekunu kimi bir məlumat da yayılmışdı. Rusiya Xarici işlər nazirliyi bildirirdi ki, “Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri ilə bağlı bir sıra həlledici məsələlərdə mövqeləri yaxınlaşdırmağa nail olublar.” Az qala Qarabağ münaqişəsinin həlli kimi təqdim olunan bu fikirdə əslində heç nə yox idi. Eləcə də Kazan görüşünün yekununda istifadə edilmiş daha bir kağızın üstündə yazılanlar ki, burada da ancaq söz oyunu var:

---'Dövlət başçıları həll olunacağı təqdirdə əsas prinsiplərin bəyənəilməsinə zəmin yaradan bir sıra məsələlərdə qarşılıqlı anlaşmaya nail olduqlarını konstatasiya etmişlər'---

Bir sözlə yenə də erməni budaq cümləsi və bu dəfə də Rusiya bağlayıcısı ilə. Azərbaycan isə bu cümləyə hələ ki, öz mübtədasını baş üzv təsdiqlədə blmir.

…Dmitriy Medvedyev Azərbaycan və Ermənistan prezidentlərini Kazana həm də at yarışlarına tamaşa etməyə çağırmışdı.

İlham Əliyev bu yarışa getmədi. Medvedyevin atüstü diplomatiyasına sonadək məna qatmaqdan vaz keçdi. Bakıya qayıtdı. Çünki onu bu gün Bakıda Ali Baş Komandanın qəbul edəcəyi hərbi parad gözləyirdi. Klassiklərin məşhur frazası bü gün də qüvvədədir. Sülh istəyirsənsə müharibəyə hazırlaş! At vaxtı isə çoxdan keçib… Yaxşısı budur, gəlin bu zirehli maşina baxaq. Xalis Azərbaycanın istehsalıdır və yeri gəlmişkən mühərriiki də 300 at gücündədir!


Mir Şahin
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar