Kanada şirkəti Azərbaycan xəritəsi ilə bağlı səhvini düzəltdi
15 Yanvar 2011 Şənbə 10:30
Lakin “iStockphoto” üzrxahlıq etməyə hələ tələsmir.
Dünyanın ən iri fotobanklarından biri olan Kanadanın “iStockphoto” korporasiya şirkəti saytında təhrif etdiyi Azərbaycan xəritəsinə düzəliş edib. Xəritədə Naxçıvan Muxtar Respublikasını (NMR) Azərbaycanın tərkibində göstərməyən Kanada şirkəti yalnız ANS PRESS-in məsələni qaldırmasından sonra bu addımı atıb. Lakin şirkət hələ ki, rəsmi olaraq Azərbaycandan üzr istəməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun ANS PRESS-ə verdiyi məlumata görə, Azərbaycanın Kanadadakı səfirliyi “iStockphoto” şirkətinə məsələ ilə bağlı sorğu göndərib. Onun sözlərinə görə, hələ ki, sorğuya cavab gəlməyib.
E. Poluxov məsələ ilə bağlı təəssüfləndiyini də deyib. Onun sözlərinə görə, bəzi kommersiya şirkətləri bu xidmətləri təklif edərək internet və qeyri-rəsmi mənbələrdən götürdükləri şəkillər, xəritələrdən istifadə edirlər. Bunun nə dərəcədə doğru olub-olmasını isə bilmirlər.
Qeyd edək ki, şirkətin mətbuat xidmətinin rəhbəri Kara Udziela ANS-ə müsahibəsində Azərbaycan xəritəsinin təhrif olunmasının təsadüfi olduğunu və bunun tezliklə aradan qaldırılacağını bildirmişdi. Kara Udziela hətta saytdakı səhvi diqqətlərinə çatdırdığımıza görə ANS-ə təşəkkürünü də ifadə etmişdi. O, şirkət əməkdaşlarının xəritəni yerləşdirərkən təsadüfi səhvə yol verdiklərini güman etdiyini bildirib: “Amma bizim saytın şəkillərdə, eləcə də xəritələrdə səhv etməyə haqqı yoxdur. Tezliklə Azərbaycanın xəritəsindəki bu səhvi aradan qaldıracağıq”.
Xatırladaq ki, şirkətin saytında Azərbaycanın ərazi bütövlüyünə qarşı daha bir təxribat mahiyyətli foto yerləşdirilib. Burada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisinin müstəqil dövlət kimi bayrağı dərc olunub. Şirkət hələ ki, bu səhvini aradan qaldırmayıb.
Qeyd edək ki, dünyanın ən iri fotobanklarından olan “İstockphoto” saytı 2000-ci ilin may ayında Bryus Livinqston tərəfindən təsis edilib. Baş qərərgahı Kanadanın Kalqari şəhərində yerləşir. Hazırda “İstockphoto” müştərilərini 6,5 milyon pulsuz şəkil və ya təsvirlə təmin edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: