Mayın 30-da Torontoda Kanada Azərbaycan Təşkilatları Assambleyasının (KATA) I Qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə KATA-nın təsis qurultayından ötən müddət ərzində görülən işlərlə bağlı hesabat məruzəsi təqdim olunacaq. Məruzə ətrafında çıxışlarla yanaşı Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasından irəli gələn mühum məsələlər də müzakirə ediləcək.
Qurultayda həmçinin KATA-nın növbəti müddət üçün iş planı təsdiqlənəcək, təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılacaq. Sonda qurultay iştirakçıları adından bir neçə sənəd qəbul ediləcək. Qurultayda Assambleyaya üzv olan təşkilatların rəhbərləri və nümayəndələri, Diasporla Iş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.
Qurultaydan sonra 150 nəfərin dəvət olunduğu qəbul təşkil olunacaq. Qəbula Kanada Azərbaycan icmasının təmsilçiləri, Diasporla Iş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Kanadadakı Səfirliyinin nümayəndələri, Kanada Federal və Provinsiya Parlament millət vəkilləri, Kanada Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, alimlər, ziyalılar, eləcə də digər xalqalrın diaspor təşkilatlarının üzvləri qatılacaqlar.
Mayın 31-də isə qurultay iştirakçıları və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Heydər Əliyevin Niaqara şəhərindəki büstünü ziyarət edəcəklər.
Qeyd edək ki, Kata 2006-cı il dekabrın 17-də Ontario və Kvebek vilayətlərində fəaliyyət göstərən 8 Azərbaycan diaspor təşkilatının-Kvebek Azərbaycanlıları Assosiasiyası, Kanada-Azərbaycan Dostluq Assosiasiyası, Ontario Azərbaycanlıları İcması, Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası, Kanada Azərbaycan Ticarət Mərkəzi, Kanada Azərbaycan Tələbələri Cəmiyyəti, Kanada Azərbaycan Qadınları Assosiasiyası və Kanada Azərbaycan Gənclər Assosiasiyasının toplantısında təsis edilib. Bu qurumun məqsədi Azərbaycan həqiqətlərini, Qarabag müharibəsinin agır və acı nəticələrini Kanada ictimaiyyətinə daha geniş çatdırmaq, Azərbaycan dövlətinin xarici siyasətini dəstəkləmək və uzaq Kanadada, Amerika qitəsində onu təbliğ etmək, azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin gücləndirilməsi vasitəsilə onların milli ideyalar ərtafında sıx birləşməsini və soydaşlarımızın Kanadanın ictimai-siyasi həyatında fəal iştirakını təmin etməkdir. /ANS PRESS/