Kağız üzərində vətəndaş müharibəsi
27 Aprel 2014 Bazar 22:42
Rusiya Federasiyası ərazilər uğrunda mübarizəni əhalilər uğrunda mübarizə ilə əvəz edib.
İş elə gətirib ki, artıq neçənci dəfədir biz “Hesabat”ı Rusiyanın post sovet məkanında fəallaşmasının səbəbləri və mümkün nəticələrinə həsr etdiyimiz şərhlə başlayırıq. Bu həftə, həm də onunla maraqlı oldu ki, Putin Rusiya vətəndaşlığına qəbul edilmənin şərtlərini asanlaşdırdı. Və bu elə qəribə sənəddir ki, adam Rusiyanı başqa dövlətlərin daxili işlərinə qarışma cəhdində günahlandırmaq istəyir.

Qəribədir, hələ bir neçə ay əvvəl gözümüzü rusca mazol etmiş bu ağrılı-ağır mənzərələr hara yoxa çıxıb. Bəlkə Rusiya miqrantlarla bağlı siyasətini dəyşib?! Bəlkə bu çernomazıların, qaraların basılması deyildi, sadəcə bir qara basma idi ki, onu da biz qaralar görə bilirdik. Rusiya niyə belə dəyişdi? Hanı Rusiya telekanallarının göstərdiyi antimiqrant, antiözbək, antitacik, antiazərbaycan reportajlar. Hardan peyda oldu bu qəfil sovet məhəbbəti? Rusiya Federasiyası ərazilər uğrunda mübarizəni əhalilər uğrunda mübarizə ilə əvəz edib. Rusiya vətəndaşlığının qəbul edilmə qaydalarının sadələşdirilməsi, tək ilk baxışdan baş tovlayan bir priyom əslində ilk növbədə qoca sovet adamlarına, onların hələ ki, yaddaşında bəzən romantik duyğuların xarabalıqlarına hesablanmayıb ki. Baxmayaraq ki, Rusiyanın bu addımı özü də kifayət qədər ziddiyyətlidir. Məsələn, yaxşı ki, Birləşmiş Ştatların, Fransanın, Böyük Britaniyanın, Almaniyanın ağlına oxşar ideyalar gəlmir. Gəlin bir anlığa bu sizə başqa bir Rusiya təqdim edim, o Rusiya ki, gözdən uzaq, könüldən iraqdır, necə deyərlər cənnətlərin reklam rolikinə daxil edilməyib. Baxaq?

İndi təsəvvür edək ki, Birləşmiş Ştatların, Fransanın, Böyük Britaniyanın, Almaniyanın vətəndaşı olmaq üçün vəziyyət sadələşdirilir. Və bax elə bu zavallıya deyirlər ki, vətəndaşlıq üçün lazım olan cəmi bir-iki kağızdır. Onda Rusiyanın aqibəti necə olacaq. Rusiya Federasiyası bu addımı tilov kimi, qarmaq kimi atır. Yəni tilov atır tutaq ki, Ukraynaya bir-iki vətəndaş transfer edir, sonra da bu oyuncaq vətəndaşlardan tutub dövləti çəkib çıxarır. Bir halda ki, belədir, onda gərək hər bir dövlət özünü qorumaq barədə düşünsün. Vətəndaşı öz başına qoysan ya halvaçıya gedər, ya da zurnaçıya. Parlamentlər təkcə dövləti yox, həm də vətəndaşı qorumaq üçün baza yaratmalıdırlar. Məsələn, necə etməli ki, Rusiyanın qəbul etdiyi hər hansı bir qanun qeyri Rusiyanın vətəndaşını burnunun ucundan götürüb aparmasın?! Baxın: Azərbaycanda ikili vətəndaşlıq yasaqdır. Bu vətənə vətəndaşlıq etmək istəmirsən, istəmə, şələ-küləni yığışdır köç, təşrif apar, buyur, ya da rədd ol vətəndaşı olmaq istədiyin vətənə. Məncə, Rusiyanın o qədər də dərin olmayan bu gedişi sadəcə düşündürməlidir. Çünki, ortada vətəndaş müharibəsinin başqa bir şəkli var. Kağız üzərində vətəndaş müharibəsi. Kağız isə bildiyiniz kimi tez alışır. Sovet İttifaqının cazibədarlığı barədə rus xalqı nağıllarını da bir tərəfə atmaq lazımdır, həqiqəti söyləmək, göstərmək lazımdır. Sanki separatçılıq, səfilik, aclıq, yağ-ət talonları Sovet İttifaqının cəhənnəm odabaşılarının əl əməyinin nəticəsi deyilmiş. Sanki milli münaqişələrin əsasını o lənətə gəlmiş Sovet İttifaqı qoymamışdı.

Məşhur sovet yumoristi Vinokur Bakıya gəlir.
Deyəcəksiz nə olsun?!
O olsun ki, konsert verəcək.
Yenə nə olsun hə!

O olsun ki, konserti Heydər Əliyev adına sarayda verəcək.
Nə olsun? Hə???

Heç nə konsert aprelin 28-də olacaq. Azərbaycanda lənətlənmiş Sovet Hakimiyyətinin qurulduğu gün. Vinokur isə bunu bilir. Saraydakılardan fərqli olaraq.

İncəməyin. Amma mən indi hətta öz qanıma belə qırmızı olduğu üçün şübhə ilə baxıram. Yaxşı da eliyirəm!



DOSTLARINLA PAYLAŞ:

oyunlar