Joao Soareş: "Azərbaycanın gördüyü işə heyran qalıram”
10 İyul 2010 Şənbə 14:25
ATƏT PA-nın sədri Ermənistan nümayəndə heyətinin rəhbərinə ingilis dilini zəif bilməsini irad tutub.
ATƏT Parlament Assambleyasının 19-cu illik sessiyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Aram Safaryanla ATƏT PA sədri Joao Soareş arasında polemika olub. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Aram Safaryan Joao Soareşə BBC-nin Azərbaycan bölməsinin müxbirinə verdiyi müsahibəyə görə iradını bildirib: “Siz dediniz ki, Ermənistan prezidenti prosesin irəliyə doğru hərəkəti üçün kifayət qədər nüfuza malik deyil. Prezident və xalq bir çox məsələlərdə, o cümlədən, Ermənistan xalqının rifahına dair məsələlərdə yekdildirlər. Fransa, ABŞ və Rusiya prezidentləri Kanadada Dağlıq Qarabağ üzrə bəyanatla çıxış ediblər, Madrid prinsipləri qəbul olunub. Lakin, bu gün biz tez-tez Azərbaycan tərəfindən militarist hədələr eşidirik. Aramızda inamın zəif olduğu hiss olunur”.

ATƏT PA sədri isə erməni deputatın iradını qəbul etməyib və onu ingilis dilini zəif bilməkdə günahlandırıb: “Aram, siz mənim müsahibəmə qulaq asmısınız. Lakin ingilis dilini zəif bildiyinizdən fikirlərimi düşgün başa düşməmisiniz. İclasa qədər bizim bu məsələni müzakirə etməyə imkanımız var idi. Belə olduğu halda niyə bu məsələ barədə indi danışırsınız? Mən təkrar edirəm: mənim mövqeyim dəfələrlə ifadə olunub. Mən onu İrəvanda da, Bakıda da, Tbilisidə də təkrar etmişəm. Bu mövqe cənab Qoran Lenmarkerin həyata keçirdiyi fəaliyyətə uyğundur. Mənim mövqeyim istənilən problemin sülh yolu ilə həllinə töhfə vermək istəyən, müstəqillik prinsiplərinə və insan hüquqlarına riayət olunmasına çalışan insanın mövqeyidir. Mən heç zaman bu prinsipə xilaf çıxmayacağam. Hesab etmirəm ki, bir-birini təpikləmək, bir-birinə hücum etmək düzgündür. Mən Azərbaycanın birinci mərhələdə gördüyü işlərə heyran qalıram. Bu, həqiqətən də tərifəlayiqdir. Azərbaycan Norveçdə mövcud olan ən yaxşı modeli istifadə edib”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar