İtkin düşmüş 13 nəfərin Ermənistanda əsir saxlanıldığı müəyyənləşdirilib
19 İyul 2011 Çərşənbə Axşamı 17:13
İtkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 708 sorğu göndərilib.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 1 iyul 2011-ci il tarixə olan məlumata görə, 4043 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib. Bu barədə məlumat qurumun internet saytında yer alıb. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 13 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi müəyyənləşdirilib.

Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 30 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 473 nəfər barədə 708 sorğu göndərilib. 1000-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların «axtarış-araşdırma iş»lərinə əlavə olunub.

Respublika Hərbi Prokurorluğundan daxil olmuş sorğuya əsasən, Dövlət Komissiyasında itkin düşmüüş şəxs kimi qeydiyyata alınmış şəxslərin siyahısı müvafiq qaydada hazırlanaraq (həmçinin elektron versiyası) bu quruma göndərilib.

Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş sorğuya əsasən fərarilik faktı ilə bağlı barələrində cinayət işi açılmış 80 hərbçi ilə bağlı araşdırma və təhlil işi aparılmış və məlumatlar bu quruma göndərilib.

Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olmuş sorğulara əsasən, itkin düşmüş, girov götürülməsi barədə məlumatlar olan, həmçinin girovluqdan azad olunmuş qadın və uşaqlarla bağlı materiallar və məlumatlar hazırlanaraq bu quruma təqdim edilib.

Milli Məclisdən daxil olmuş sorğuya əsasən, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir və girov götürülməsi barədə malumatlar və şahid ifadələri olan şəxslər barədə materiallar hazırlanaraq bu quruma göndərilib.

Dövlət Komissiyasına müraciət etmiş 23 nəfərin sosial problemlərinin həll olunması üçün Komissiya üzvlərinə və müvafiq dövlət orqanlarına məktublar göndərilib. Hesabat dövründə Dövlət Komissiyasına 554 sənəd daxil olub, 657 məktub (sorğular, müraciətlər, daxil olmuş məktublara cavab və s.) aidiyyətı üzrə göndərilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar