İsveç təyyarələri Liviyaya qarşı əməliyyatlarına qoşuldu
08 Aprel 2011 Cümə 02:50
Bu, Stokholmun son 50 ildə hərbi əməliyyatlarda ilk iştirakıdır
İsveç Hərbi Hava Qüvvələrinin təyyarələri təxminən son 50 il ərzində ilk dəfə hərbi əməliyyatlarda iştiraka başlayıblar. İsveç təyyarələri ötən gün NATO-nun Liviya lideri Müəmmar Qəddafinin qoşunlarına qarşı əməliyyatları çərçivəsində döyüş uçuşları ediblər. Məlumatı “Reuters” agentliyi İsveç Müdaifə Nazirliyinin rəsmi nümayəndəsinə istinadən yayıb. Missiyanın müddəti 40 dəqiqə olub. Onun detalları barədə məlumat verilmir.

İçveç təyyarələri sonuncu dəfə 1960-cı illərin əvvəllərində Konqo böhranı zamanı BMT-nin əməliyyatları çərçivəsində döyüş uçuşları etmişdilər.

İsveç Müəmmar Qəddafiyə qarşı əməliyyatlarda iştira üçün səkkiz JAS 39 Gripen qırıcısı ayırıb. Adətən, NATO-nun üzvü olmayan İsveç xarici siyasətdə öz tərəfsizliyini qorumağa çalışır.

Xatırladaq ki, ötən həftə İsveç parlamenti NATO əməliyyatlarına təyyarə ayrılması barədə qərar qəbul edib. İsveç təyyarələrinin missiyasına Müəmmar Qəddafiyə sadiq qüvvələrə hava zərbələri endirmək vəziyəsi daxil deyil. Lakin onlar hücuma məruz qaldıqları təqdirdə cavab atəşi açmaq hüququna malikdirlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar