İsveç Azərbaycan və Ermənistana səsləndi
01 Dekabr 2010 Çərşənbə 14:45
Karl Bildt: “Qarabağ məsələsində irəliləyiş əldə olunmaldır”
"İsveç Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırır". Bu bəyanatla İsveçin xarici işlər naziri Karl Bildt ATƏT-in Astanada keçirilən sammitində çıxış edib. Dağlıq Qarabağ probleminin Madrid Prinsipləri əsasında tamamilə sülh yolu ilə nizamlanmalı olduğunu qeyd edən Bildt bu məsələdə irəliləyişin vacibliyini vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
DOSTLARINLA PAYLAŞ: