İsrailin nüvə imkanlarının müzakirəsi MAQATE-də mübahisə yaratdı
11 İyun 2010 Cümə 12:25
Ərəb ölkələrinin təklifi ABŞ-ın etirazı ilə qarşılanıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə İsrailin ehtimal edilən nüvə imkanlarının gündəliyə salınması cəhdi fikir ayrılıqları ilə müşayiət olunub. Ərəb ölkələrinin irəli sürdüyü təklif Birləşmiş Ştatlar nümayəndəsi Qlin Deyvzin etirazı ilə qarşılanıb. Amerika tərəfi iddia edir ki, İsrail nüvə silahının yayılmaması üzrə razılığa daxil olmadığından belə müzakirələrin aparılması yersizdir. Qlin Deyvz İsraillə bağlı məsələnin müzakirəyə çıxarılmasını əsas məsələdən yayınmaq kimi qiymətləndirib.

“İsrail heç bir razılığı pozmayıb və ya agentliyin öhdəliklərini yerinə yetirməkdən imtina etməyib. Bu məsələnin müzakirəsi bizi komitənin qarşısında duran məsələlərə veriləcək ümumi diqqətdən ayırır. Nüvə silahlarının yayılmaması razılığını və MAQATE-nin təhlükəsizlik barədə öhdəliklərini, eləcə də atom agentliyinin İdarəetmə Şurası və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan İrandır”, - deyə Qlin bildirib.

İranın MAQATE-dəki əsas nümayəndəsi Əli Əsgər Sultani isə İrana və İsrailə ziddiyətli yanaşmanı ikili standartlara gözəl bir nümunə olduğunu bildirib. Sultaninin sözlərinə görə, Birləşmiş Ştatların İsrail məsələsini MAQATE-yə çıxartmaq istəməməsi agentliyin siyasiləşdirilməsinə gətirib çıxarır.

“Amerikanın İdarəetmə Şurasındakı bəyanatı narahatlıq doğurur, ona görə ki, bu bəyanatda deyilir ki, İsrail nüvə silahlarının yayılmaması müqaviləsinin üzvü olmadığına görə bu məsələ şurada müzakirə edilə bilməz və biz İsraili tənqid edə bilmərik. Narahatlıq doğuran bu mesaj belə anlama gəlir ki, nüvə silahının yayılmaması razılığından kənarda kim qalırsa, o, təhlükəsiz vəziyyətdədir. Bu eyni zamanda müqavilənin üzvü olan dövlətləri ondan çıxmağa təşviq edir. O halda İdarəetmə Şurasında və ya Təhlükəsizlik Şurasında heç bir məsələ müzakirə olmayacaq”, - deyə Əli Əsgər Sultani əlavə edib.

Əli Əsgər Sultani bu səbəbdən Birləşmiş Ştatları və digər dövlətləri öz bəyanatlarında ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, bu qeyri-aydın nüvə məxfiliyi İsrailin hərbi siyasətinin bir hissəsidir. O, heç vaxt nüvə obyektlərinin yoxlanılmasını tələb edən nüvə silahlarının yayılmaması razılığına qoşulmayıb.

Xatırladaq ki, 19 ildə ilk dəfə olaraq “İsrailin nüvə imkanları” adlı məsələnin müzakirəyə qoyulması üçün müraciət edilib. Bu təşəbbüs agentlikdəki 18 ərəb dövlətinin qrupu tərəfindən irəli sürülüb. Qrup İsrailin və onun atom proqramını tənqid edəcək qətnamənin qəbul edilməsinə çalışır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar