İsrailin Azərbaycandakı səfiri İranla müharibəni istisna etmir
20 Fevral 2012 Bazar Ertəsi 00:40
“Avropa ölkələri artıq müharibə ehtimalını qəbul edir, İranla səmimi dialoqa dair olduqca qeyri nikbin mövqedədirlər”
ANS TV-nin əməkdaşı Ayaz Nizamoğlu həftəlik “Hesabat” proqramı üçün İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotemdən eksklüziv müsahibə götürüb.

Hesabat: Cənab səfir əvvəlcə müsahibə verməyə razı olduğunuz üçün sizə minnətdarlığımızı bildiririk. İlk sualım məhz bu həftə İran və İsrail arasında müşahidə olunan qarşılıqlı ittihamlar və iki ölkə arasında hökm sürən gərginliklə bağlıdır. Hindistanda, Taylandda və hətta Qafqazda - Gürcüstanda İsrail səfirliyinin əməkdaşlarına qarşı terror hücumu baş verdi. Rəsmi Tel Əviv bu hadisələr baş verəndən sonra dərhal İranı ittiham etdi. Soruşmaq istərdik ki, niyə məhz İran?

Mixail Lavon Lotem: Çünki biz bütün hadisələrdə İranın izlərini tapırıq, bütün dəllilər İrana gətirib çıxarır. Buna görə də İranın adını çəkirik. Sualınıza cavabım bu qədər asan və bu qədər aydındır. Taylandda partlayışları törədənlərdə də, polislə qarşıdurmaya girənlərdə də İran pasportları olub, bu İranın bu məsələdə əlaqəli olduğunu göstərir. Bütün sübutlar açıq-aşkardır.

Hesabat: Bu hadisələrlə bağlı İran rəsmilərinin də kifayət qədər ciddi qəbul ediləcək ittihamları var. Bu terror aksiyalarının İsrail xüsusi xidmət orqanlarının törətməsini onlar əsas arqument kimi irəli sürürlər. Siz bu ittihamlara necə cavab verərsiniz ?

Mixail Lavon Lotem: Sadəcə onu demək istəyərdim ki, İran dövləti nüvə silahı hazırlamadıqlarını da deyir, nə olsun ki, bütün dünya başqa cür fikirləşir. Ona görə də İranın bəyan etdikləri ilə reallıq heç də həmişə üst-üstə düşmür. Bu hadisədə olduğu kimi .

Hesabat: Bu hadisə baş verəndən sonra İsrailin xarici dövlətlərdəki səfirliklərinə təhlükəsizliyin artırılması tələbi ilə xüsusi təlimat verilib. Bəs siz Azərbaycanda mühafizənizdən razısınızmı?

Mixail Lavon Lotem: Bu suala cavabı mənim görüntümdən də ala bilərsiz. Gördüyünüz kimi mən öz təhlükəsizliyimlə bağlı kiyfayət qədər əminəm. Və sizin təhlükəsizlik orqanarınıza tamamilə güvənirəm. İran xüsusi xidmət orqanları tərəfindən burada bizim təhlükəsizliyimizin pozulması ilə bağlı bir sıra cəhdlər olub. Amma bunların qarşısı alınıb. Ona görədə mən burada öz təhlükəsizliyimdən çox arxayınam .

Hesabat: Son bir neçə aydır dünya mətbuatının əsas gündəmində olan xəbər isə İranın yox, məhz İsrailin İslam ölkəsinə qarşı müharibəyə başlamaq niyyətində olduğudur. Hətta deyilənə görə, İsraildəki nüvə reaktoru da məhz bu səbəbdən dayandırılıb ki, olası qarşıdurma nəticəsində ciddi fəsadlar ortaya çıxmasın. Sizin bu yayılan xəbərlərə münasibətiniz necədir ?

Mixail Lavon Lotem: İranın hərbi xarakterli nüvə proqramı məsələsi yeni bir şey deyil. Mən on illərdir bu proqram ətrafında danışıqların aparıldığını xatırlayıram. İranla dialoqa inananlar və yaxud bunu dəstəkləyənlər əsasən Avropa ölkələridir və onlar da artıq müharibə ehtimalını qəbul edir, üstəlik İranla səmimi dialoqa dair olduqca qeyri nikbin mövqedədirlər. Son günlər İranın nüvə proqramı sanki beynəlxalq və dünya probleminə çevrilib. O, nə Aralıq dənizi regionu, nə Qafqaz, nə də Yaxın Şərq problemidir. Bu əsl dünya problemdir. İran, nüvə potensialı olan ölkədir. Onun peyk buraxma imkanları da var. İrandan doğan təhlükə bu gün Avropaya, sabah isə Avropadan daha uzaq məsafələrə gedib çıxa bilər. Mən nikbin olmaq istəyirəm. Və elə hamı nikbin olmağa çalışsın və İrana qarşı tətbiq edilməkdə olan sanksiyalara baxaq. Biz artan və güclənən sanksiyaların öz təsirini göstərəcəyini görəcəyik. Burada başqa ssenari qurmağa ehtiyac yoxdur. Ssenarilər ortalıqdadır və hamı onlardan nə vaxtsa istifadə edə bilər. Ümid edirik ki, sanksiyalar İran rejiminə təsir göstərəcək, İranı danışıqlara qayıtmağa və öz hərbi nüvə proqramından imtina etməyə təşviq edəcək.

Hesabat: Əgər xəbəriniz varsa, Azərbaycanın İrana göndərdiyi notaya cavab olaraq qarşı tərəf də nota göndərib. Və həmin sənəddə İran tərəfi iddia edir ki, guya İsrail xüsusi xidmət orqanları İrana qarşı Azərbaycan ərazisindən istifadə edirlər. İran xarici işlər nazirliyi bu ittihamı məhşur bir ingilis nəşrində çıxan məqaləyə istinad edərək səsləndirir. İlk dəfə olaraq məhz sizdən bununla bağlı rəsmi Tel Əvivin mövqeyini öyrənmək istərdik.

Mixail Lavon Lotem: Fikrimi qısaca və aydın ifadə etmək istəyərdim. Mən sizin diplmatların, xarici işlər nazirliyinin diplomatlarının bu məsələ ilə bağlı çıxışlarını eşitmişəm. Deyə bilmərəm ki, bu məsələdə onlardan daha yaxşı fikir ifadə edə bilərəm. Təbii ki, həmin jurnalistlə danışanın kim olduğunu bilmirəm, amma hesab edirəm ki, əksəriyyət öz təxəyyülünü işə salır, lakin bu cür məqalənin hazırlanmasında və bundan sonrakı addımları atmaqda kimin maraqlı olduğunu bilmək üçün çox təxəyyülə ehtiyac yoxdur. Bəli, bu cür müsahibənin yaxud məqalənin hazırlanmasının kimin maraqlarında olduğu bizi düşündürür. Bu günlərdə İran xüsusi bir vəziyyət içərisindədir. O, Suriyada minlərlə insanı öldürən hakimiyyət rejimi ilə əməkdaşlıq edir, onun “Hizbullah”la əlaqələri də buna təsir göstərir. Onların “Həmas”la da münasibətləri əvvəlki tək isti deyil. Avropa Birliyi İranın neft sənayesinə əlavə sanksiyalar tətbiq etmək qərarı verdi. ABŞ İranın təkcə neft sənayesinə deyil, onun Mərkəzi Bankına da sanksiyaların tətbiq edilməsini təklif etdi və bu, İranın daxili inkişafına mənfi təsir göstərdi. İran üçün oyun müxtəlif aspektlərdə dəyişməkdədir. Deyərdim ki, İran Gürcüstanda terror aktına cəhdin, Dehlidə, Banqkokda terror aktlarının arxasında dayanır və bununla biz həm də İranın bütün istiqamətlərə zərbə vurmağa başladığını görürük. Düşünürəm ki, İran açıq-aşkar hadisələrin gedişatını dəyişmək istəyir. Hesab edirəm ki, sözügedən məqalə də bunun bir davamıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar