İsrail fələstinliləri birbaşa danışıqlara çağırdı
18 Fevral 2010 Cümə Axşamı 14:00
Bu barədə baş nazir Benyamin Netanyahu Qüdsdə keçirilən konfransda çıxışı zamanı bildirib
İsrailin baş naziri Benyamin Netanyahu Fələstin nümayəndələrini sülhə nail olmaq üçün birbaşa danışıqlara çağırıb. Qüdsdə keçirilən konfransda çıxışı zamanı baş nazir iki ölkə arasında sülh prosesinə nail olunması üçün üçüncü tərəfin yardımına ehtiyac olduğunu bildirsə də, son nəticəyə birbaşa danışıqlar vasitəsilə nail olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb:
“Mən İsrail və Fələstin arasında mövcud problemləri aradan qaldırmaq üçün birbaşa danışıqları ən yaxşı vasitə hesab edirəm. Təbii ki, bu məsələnin həll olunması üçün üçüncü tərəfin cəlb olunması məqsədəuyğundur. Lakin sülhə nail olunmasının yekun həlli məhz birbaşa danışıqlar vasitəsilə olmalıdır. Biz buna hazırıq və Fələstini də bu danışıqlara dəvət edirik".
Baş nazir həmçinin İrana qarşı qadağaların tətbiq edilməsini dəstəklədiyini də deyib.
"İsrail hökuməti İrana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə də dəstək verir. Hesab edirəm ki, bu ölkədən enerji resurslarının ixrac olunması dayandırılarsa bu, çox böyük səmərə verər”, - deyə Benyamin Netanyahu bildirib.
Qeyd edək ki, ABŞ-ın Yaxın Şərq regionu üzrə xüsusi nümayəndəsi Corc Mitçel İsrail və Fələstin arasında sülhə nail olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.
Fələstin prezidenti Mahmud Abbas isə artıq bu təkliflə razılaşdığını bəyan edib.
Xatırladaq ki, Benyamin Netanyahu sülh danışıqlarına başlamağın yolu kimi İordan çayının Qərb sahilində tikinti işlərini 10 aylıq müddətə azaltmağı təklif etsə də, Fələstin tərəfi bununla qane olmadığını bildirərək Qüdsün də həmin ərazilər siyahısına daxil edilməsini istəyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: