İsmət Abasov İrəvana niyə gedib?
11 May 2010 Çərşənbə Axşamı 13:20
Kənd Təsərrüfatı Nazirliyi İsmət Abasovun Ermənistana səfəri ilə bağlı açıqlama yayıb.
Bu gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti nazir İsmət Abasovun Ermənistana səfəri ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, səfərdə məqsəd İrəvanda keçirilən Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 36-cı sessiyasında (11-12 may) və BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci Regional konfransında (13-14 may) iştirak etməkdir. Nazirin Ermənistana səfəri məhz adı çəkilən beynəlxalq təşkilatların dəvəti əsasında reallaşıb.

"FAO-nun 27-ci Regional konfransının əsas məqsədi qlobal istiləşmə ilə əlaqədar kənd təsərrüfatında yaranan vəziyyətin aradan qaldırılması, quraqlığa davamlı aqrotexniki tədbirlər kompleksinin işlənib hazırlanması, eləcə də Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının və FAO-nun 28-ci Regional konfransının Azərbaycanda keçirilməsi məsələsinin müzakirə olunmasıdır", deyə məlumatda bildirilir.

Qeyd edək ki, İ.Abasovun rəhbərlik etdiyi nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rəşad Məcidov və “Aqrolizinq” Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov daxildir. Nümayəndə heyəti dünəndən İrəvandadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar