İslamı terrorla bağlamaq cəhdləri böyük günah və böyük cinayətdir
13 Avqust 2012 Bazar Ertəsi 18:45
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
APA-nın məlumatına görə, bir neçə gündən sonra müsəlman aləmi üçün müqəddəs Ramazan bayramının qeyd ediləcəyini deyən prezident bildirib ki, bayram ərəfəsində müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş artıq ənənəyə çevrilib.
İldən-ilə Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artdığını diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, müsəlman ölkələri ilə sıx əməkdaşlığımız var: “Hazırda bu əlaqələr ikitərəfli formatda bütün sahələri əhatə edir və daha da genişlənir”.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində müsəlman ölkələrinin dəstəyini qeyd edən dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də rəsmi Bakı daim müsəlman ölkələrinin dəstəyini hiss edir.
Azərbaycan prezidenti deyib ki, dünyada Xocalı soyqırımını rəsmən tanıyan ilk ölkə də məhz müsəlman ölkəsi - Pakistan olub. Pakistan rəhbərliyinə minnətdarlığını bildirən prezident deyib ki, ATƏT işğal olunmuş ərazilərə faktaraşdırıcı missiya göndərib, onlar da ermənilərin məscidləri və digər müqəddəs abidələri məhv etdiklərinin şahidi olublar.
Dövlət başçısı bildirib ki, Azərbaycan İslam həmrəyliyinə böyük əhəmiyyət verir və Bakının da İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam aləminin ölkəmizə verdiyi böyük dəstəkdir. “İslam dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərin təməlində İslam dəyərləri dayanır” - deyən prezident İ. Əliyev İslam aləminin həmrəyliyinin əhəmiyyətinə toxunub.
Azərbaycan prezidenti bütün müsəlman ölkələrinə sülh arzulayıb, Yaxın Şərqdə gedən proseslərlə bağlı rəsmi Bakının Ərəb Liqasının mövqeyini dəstəklədiyini vurğulayıb.
Dünyada İslam haqqında yayılan şayiələrə qarşı birgə mübarizə aparmağın önəminə də toxunan prezident İslamı terrorla bağlamaq cəhdlərinin böyük günah və böyük cinayət olduğunu qeyd edib.
Sonda dövlət başçısı Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərlərinə ölkələrinin dövlət və hökumət başçılarına təbriklərini çatdırmağı xahiş edib.
Müsəlman ölkələrinin səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç görüşə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qarşıdan gələn Ramazan bayramı münasibətilə dövlət başçısına təbriklərini çatdıran səfir bu ayın müsəlman dünyası üçün kəsb etdiyi əhəmiyyətdən danışıb. O, dünyada hökm sürən maliyyə böhranı zamanı Azərbaycanın iqtisadi inkişafı, Heydər Əliyevin siyasi xəttinin bu gün də uğurla davam etdirilməsi, ölkənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən də ətraflı söz açıb.
“Eurovision” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirildiyini deyən səfir Beynəlxalq Muğam festivallarının da böyük maraqla qarşılandığını vurğulayıb.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsəlman dünyasının nümayiş etdirdiyi dəstəyi də yüksək qiymətləndirib.
Qeyd edək ki, qəbulda İranın Azərbaycandakı səfirliyindən heç kim qatılmayıb.
DOSTLARINLA PAYLAŞ: