İslam Konfransı Təşkilatı Xocalı soyqırımı ilə bağlı xüsusi qətnamə qəbul edib
01 Fevral 2010 Bazar Ertəsi 11:40
İslam Konfransı Təşkilatı qətnaməsi beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.
İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin Parlament Birliyi (İKT PB) Konfransının Uqandanın paytaxtı Kampala şəhərində təşkil edilən 6-cı sessiyası öz işini başa çatdırıb.
İslam Konfransı Gənclər Forumunun İstanbulda yerləşən Baş gərargahından verilən məlumata əsasən, 51 dövlətin Parlament heyətləri başçılarının iştirak etdiyi Konfransda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “İKGF ilə İKT PB arasında əməkdaşlıq” haqqında qətnamə qəbul edilib.
İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilib.
İKGF-nin Uqandada adıçəkilən tədbirdə iştirak edən nümayəndə heyətinə istinadən bildirilir ki, qətnamədə “Xocalıya Ədalət ” kampaniyasına tam dəstək ifadə olunaraq, quruma üzv olan 51 dövlətin parlamentindən qırğının “insanlığa qarşı cinayət” kimi tanımağa və kampaniyaya həm milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağıran bənd də öz əksini tabıb. Qətnamənin qəbul edildiyi toplantıda 10-dan artıq ölkənin parlament başçıları, 100-ə yaxın parlament üzvləri, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Ermənistanın da üzv oldugu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin nümayəndələri də iştirak ediblər.
Sənədi şərh edən İKGF Baş Katibi səfir Elşad İskəndərov bildirib ki “qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlıga qarşı cinayət” kimi tanıyan ilk sənəddir. Nəzərə alsaq ki, İKT PB öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, sözügedən termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açacaqdır.”
Qətnamənin qəbul olunması ilə bağlı ideya İKGF Baş Koordinatoru Leyla Əliyeva tərəfindən ötən il Bakıda kampaniyanın milli koordinatorlarının görüşü zamanı irəli sürülmüş və ötən müddət ərzində kampaniyanın İKT ölkələrindəki fəallarının milli parlamentlərinə yönəlmiş lobbiçilik fəaliyyəti nəticəsində uğurla qəbul edilib. Bu prosesə İKGF-nin bir sıra İKT ölkələri parlamentləri və ilk növbədə Azərbaycan Respublikası Milli Məclisi və onu Katibliyi ilə əməkdaşlıgı xüsusi dəstək verib.
“Xocalıya Ədalət” kampaniyasına 2009-cu ilin fevralında start verilib və hal hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələdirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
İKT PB-nin Konfransı qurumun ali qərarverici orqanıdır, sessiyaları iki ildə bir dəfə müvafiq olaraq təşkilata üzv Afrika, Asiya və Ərəb ölkələrinin birində keçirilir.
Xatırladaq ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Erməni əsgərləri Xocalıda soyqırım törədiblər. Qırğın nəticəsində 613 nəfər həlak olub. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlılardır. Bundan başqa 8 ailə tamamilə məhv edilib. Həmçinin erməni silahlılarının Xocalıya hücumu nəticəsində 487 nəfər yaralanıb. Ermənilər 1275 nəfəri əsir götürüb. Hücum zamanı 150 nəfər itkin düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: