İslam, cəhalət, gerilik, xürafat, zorakılıq kimi rəzil işlərlə mübarizə üçün göndərilib
06 Fevral 2012 Bazar Ertəsi 01:32
AMEA-nın elmi işçisi, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu ilə İslami terminlər barədə söhbət.
1. Əhali arasında “bissimillah”, “pismillah”, “bisimillah” və s. şəkillərdə tələffüz olunan kəlamın deyilişi necədir və bu sözün müsəlmanlar üçün əhəmiyyəti nədir?
- Ərəb dilində olan bu söz belə ifadə olunur – “Bismillah”. Mənası – “Allahın adı ilə”. Yəni, hər hansı bir işi Allahın adı ilə başlamaq nəzərdə tutulur. Qurani-Kərimin surələri də məhz “Bismillah”la – Allahın adı ilə başlayır. Bu sözün insanlar üçün əhəmiyyəti olduqca böyükdür. Hər bir işi “bismillah” deyib, Allahın adı ilə başladıqda insan İlahiyə sığınıb, Ondan yardım alır. Amma bu sadəcə quru söz olmamalıdır, yəni insan səmimi qəlbdən bunu söyləməlidir. Allah adıyla görülən iş həm saf, təmiz olar, həm də Allah yardım etdiyindən – uğurlu! Odur ki, hər bir işimizi Allahın adı ilə başlamamız tövsiyə olunur – yemək yedikdə, içdikdə, yola çıxdıqda, dərs oxuduqda, işə başladıqda və s. – “bismillah” deyib, uğur qazanaq!..
2. “Cihad”, “mücahid” sözləri bəzən müsəlmanlara belə hürkütücü gəlir. Bəzi hallarda isə bu sözlərdən terror, terrorçu sözünün sinonimi kimi istifadə olunur. Dini termin kimi bu sözlərin mənası nədir və bu söz deyildiyində sadəcə müsəlmanla qeyri-müsəlman arasında olan silahlı qarşıdurmamı yada düşməlidir?
- Cihad – cəhd etmək, çalışmaq deməkdir. Yəni müəyyən bir məqsədə çatmaq və qarşıya qoyulan nailiyyətləri əldə etmək üçün insanın öz potensial imkanlarını səfərbər edib səy göstərməsi, cəhd etməsi, çalışıb-vuruşmasıdır. İslam anlayışında sözü gedən bu məqsəd (ali məqsəd) - Allaha yaxınlaşmaq, Ona yetişməkdir. Rəbbimiz buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi...” (Həcc surəsi, ayə 78). Bu ali məqsədə yetişmə yolunda ilk maneə insanın nəfsani istəkləridir. İnsan öz nəfsani istəklərini ram etmək üçün ciddi-cəhdlə çalışmalıdır. Bu, nəfslə cihad adlanır. Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) buyurduğu kimi, nəfslə cihad – “ən böyük cihad”dır (“cihadi-əkbər”). Öz nəfsi üzərində cihad edib, zəfər çaldıqdan sonra, insan həyatının bütün sahələrində bütün vücudu ilə bu cəhdlərini davam etdirməlidir: “Ey iman gətirənlər! Allaha təqvalı olun, Ona vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə surəsi, ayə 35). Sevimli peyğəmbərimizdən nəql edilən bir hədisdə deyilir ki, o, müsəlmanlardan bir dəstəni düşmənlə savaşa göndərir. Onlar savaşdan qayıtdıqda, peyğəmbərimiz (s) buyurur: “Xoş gəldiniz, ey kiçik cihadı yerinə yetirənlər! Amma böyük cihad hələ qalır”. Soruşdular: “Böyük cihad nədir?” Peyğəmbər buyurdu: “Nəfslə cihad!” (Vəsail əş-şiə, c.11, s.122).
Beləliklə, Həzrət peyğəmbərimizin (s) də buyurduğu kimi, ən böyük cihad insanın öz nəfsi ilə cihadıdır. Bu baxımdan, Allah yolunda insanın göstərdiyi bütün səyləri, çalışmaları – cihaddır. Vətəni, torpağı, namusu, qeyrəti, dini, imanı, ailəsi, canı uğrunda mübarizəsi də o cümlədən! Yəni, cihadı insanlara hücum çəkib, vuruşmaq kimi qələmə vermək tamamilə yanlışdır. İslam qətl deyil, həyat dinidir. Odur ki, bu sözdən əsla hürkmək lazım deyil. Onu terrorla eyniləşdirmək isə əslində ilahi dəyərlərə qarşı bir xəyanətdir! İnsanın Allah yolunda cəhdi, göstərdiyi səyləri yaxşılıqdan, saleh əməllərdən başqa bir şey deyil və ola da bilməz. İslаm dini hər cür terrorа, günаhsız insаnlаrı Аllаhın bəxş etdiyi həyаtdаn məhrum etməyə qətiyyətlə qаrşı çıxır! Qurаni-Kərimdə Ucа Rəbbimiz müsəlmаnlаrа insаnlаrа sülh, əmin-аmаnlıq, xeyir və qаrdаşlıq sevgisi göstərmələrini əmr edir. İslаm əxlаqı terror mənbəyi olа bilməz. Qurani-Kərimdə dönə-dönə təkrarlanan çağırış - “iman gətirin və saleh əməllər görün” çağırışıdır. Dinimizin irəli sürdüyü iman məhz saleh əməllərlə tamamlanır və həqiqi mahiyyət kəsb edir. Əməlsiz iman dinimiz tərəfindən məqbul hesab edilmir. Qаn tökmək, insаnlаr аrаsındа mühаribələr və münаqişələr yаrаtmаq Аllаh-Təаlаnın lənətləndirdiyi çox böyük bir günаhdır. Günаhsız insаnın öldürülməsi İslаm dinində ən böyük günаhlаrdаn biri sаyılır. Mаidə surəsinin 32-ci аyəsində buyurulur ki, kim günahsız bir insanı öldürsə - bütün insаnlаrı öldürmüş kimidir! Hər kəs kimsəni diriltsə - bütün insаnlаrа həyаt bəxş etmiş kimidir!
3. İnsanların tez-tez ironik tərzdə istifadə etdiyi “müsəlman ki, müsəlman”, “müsəlman deyilik?” (yəni sadəcə əlimizdən pis iş gələr), “müsəlmana yaxşılıq yoxdur” və s. bu kimi sözlərdən istifadə etmək nə qədər doğrudur?
- Müsəlman - ərəb dilində “müslim” – özünü Allaha tabe edən, təslim edən şəxs deməkdir. Yəni İslam gətirmiş, İslamı qəbul etmiş demək, Allaha tabe olmaq deməkdir. Ərəbcə “İslam” elə insanın Allaha tabe olması, təslim olmasıdır. Bu adı Allah Adəm peyğəmbərdən başlayaraq, Qiyamətə qədər Onun haqq dinini qəbul edən, Allaha itaət edən bütün insanlara verdiyi addır. Rəbbimiz Həcc surəsinin 78-ci ayəsində buyurur: “...Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız…”. Bu baxımdan müsəlman çox yüksək addır. Amma əfsuslar olsun ki, müsəlman toplumu İslamdan, həqiqi İlahi dəyərlərdən uzaq düşdüyündən, bir növ bu adı dırnaqarası mənada daşımaqdadır. Yəni Allaha təslim olma, saf, təmiz, ülvi həyat sürmə mənasını daşıyan bu söz indi əslində bu dəyərlərlə heç bir əlaqəsi olmayan şəxslərə deyildiyindən, “müsəlman” kəlməsi sanki bu toplumun mənfi xüsusiyyətlərini, qüsurlarını əks etdirir. Odur ki, cəmiyyətimizin bu qüsurlarını nəzərdə tutduqda çox adamlar bunu “müsəlmançılığımızla” bağlayır. Bəli, etiraf edək ki, günümüzdə müsəlman toplumlarının durumu ürək açan səviyyədə, öz adına layiq deyil. Müsəlmanlar həqiqi İslam dəyərlərindən uzaq düşdüyündən, artıq “müsəlman” ifadəsi İslamı deyil, bu qüsurlu toplumun durumunu əks etdirir. Bu bir həqiqətdir. Amma “müsəlman” sözünün əslində ilahi bir məna kəsb etdiyini, Allah tərəfindən saf, imanlı şəxslərə verildiyini nəzərə alsaq, deməliyik ki, bu sözü ironik mənada işlətmək doğru deyil. Əksinə, xoşagəlməz hallarla üzləşdikdə bunun müsəlmanlıqdan uzaq olduğunu desək, daha düzgün olar. Pis iş görüb, “müsəlman deyilikmi?” sualı verilirsə, qətiyyətlə deyək – “deyilik!”. Müsəlman saf, təmiz, mənəviyyatlı, Allah adamı olar! Müsəlmanlıq bizim mənəvi kimliyimizdir, bu sözü ironik mənada işlətmək öz kimliyimizə bir həqarətdir...
4. Xalq arasında istifadə olunan “salam”, “salamməleykim”, “salamaleykum”, “səlamun aleykum”, “əs-səlamu aleykum” sözlərindən salamlaşmaq üçün müvafiq olan hansıdır və müsəlmanlar arasında salamlaşmaq bir öhdəlikdirmi?
- Salam – sülh və əmin-amanlıq diləyidir. Bizlər insanlarla qarşılaşdıqda ilk sözümüzlə onlara sülh, əmin-amanlıq arzu edirik. Salam! Qısa, sadə, amma eyni zamanda olduqca böyük mənaları özündə əks etdirən bir söz. İmam Cəfər Sadiq (ə) buyurub: “Salam hər bir kəlamdan qabaqdır”. “Əs-səlamu əleykum!” ifadəsi dilimizdə “sizə sülh və əmin-amanlıq olsun!” deməkdir. Bununla da müsəlmanlar görüşdükdə hər şeydən öncə qarşı tərəfə əmin-amanlıq və firavanlıq arzusunu ifadə edir, onları sülh istəyi ilə dua edirlər. Buna cavab olaraq “və əleykum əs-səlam”, yəni “sizə də sülh və əmin-amanlıq olsun” deyə, cavab verilir. Yaxud daha geniş səpkidə “ və əleykum əs-səlam və rəhmətullahi və bərəkətuhu“, yəni “sizə də sülh, əmin-amalıq, Allahın rəhməti və xeyir-duası olsun” deyə cavab verilir. Dinimizə görə görüşdükdə salam vermək olduqca bəyənilən, böyük savabı olan bir hərəkətdir. Salamı almaq, salam verənə qarşılıqlı salamla cavab vermək isə, vacib hesab edilir. Bu, Allah-Təalanın buyruğudur, Quran ayəsinin təlimidir. İnsanlar arasında sülhü, əmin-amanlığı, ehtiram, sevgi və səmimiyyət hisslərini aşılıyan bir təlim: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz ki, Allah hər şeyi hesaba alandır!” (Nisa surəsi, ayə 86). Bunu da qeyd edək ki, “İslam”, “müsəlman” (ərəbcə “müslim”) sözləri də “salam” sözü ilə eyni kökdən – “silm”, yəni “sülh” sözündən əmələ gəlib.
5. XXI əsrdə müsəlman deyəndə ilk olaraq yadımıza nə düşməlidir və İslam çərçivəsinə daxil olan insanın hansı öhdəlikləri var?
- Müasir dövrümüzdə müsəlman dedikdə elə bu sözün həqiqi mənası, gerçək anlamı gözümüz önünə gəlməlidir – Allah adamı, saf, mənəviyyatlı, elmli, zəkalı, imanlı, mütərəqqi bir insan! Yəni, müsəlman iki qanada söykənməlidir – biri onun intellektual zənginliyi, elmi, biliyi, digəri isə mənəvi zənginliyi, imanı, təqvası. Bu ikisindən biri olmasa, insan sanki qanadsız bir quş kimi, pərvaz edə bilməz. Hər sahədə ən öndə olmağa çalışmalıyıq. Bu öhdəliyi həm Allah qarşısında, həm də cəmiyyət, insanlıq qarşısında hiss etməliyik. Quranda buyurulduğu kimi – iman və saleh əməl sahibi olmalıyıq. Hədislərdə buyurulur ki, müsəlman o kəsdir ki, yaxşılıqdan başqa heç kəs ondan bir şey görməsin. Və sahib olduğumuz elm və bacarıqlarımız da insanlığın səadəti, rifahı, inkişafı üçün xidmət etsin. Həqiqi müsəlman dəyərləri bunlardır. İslam gəlib ki, cəhalət, gerilik, xürafat, mövhümat, zorakılıq, haqsızlıq kimi rəzil işlərlə mübarizə aparsın, insanlığı zülmkarlığın qaranlığından haqq-ədalətin nuruna çıxarsın. Qəlblərdə işıq yandırsın. Və bu işıq ətrafa saçılsın, cəmiyyətdə hər kəs bu işıqdan faydalansın. Bu baxımdan müsəlman həm də yuxarıda sadaladığımız kimi rəzilliklərlə mübarizə aparmalı, bir bəşər islahatçısı olmalı, insanlığın səadətinin keşiyində dayanmalıdır. Dini anlayışda buna yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək deyilir. Yəni, müsəlman həm özü saleh bir şəxs olmalı, həm də cəmiyyətdə mənəvi dəyərləri təbliğ etməlidir.
6. İslam dinində bütün məzhəblər üçün müqəddəs olan ortaq dəyərlər hansıdır ki onların qəbul olunmasında heç bir fikir ayrılığı yoxdur?
- İslamın hamı üçün müştərək ilahi dəyəri – Qurani-Kərimdir! Allah-Təalanın bəşəriyyətə nazil etdiyi son ilahi vəhylər toplusu. Quran bütövlükdə bəşər cəmiyyəti üçün göndərilib. Həzrət Məhəmməd də əslində, bütün bəşəriyyətin peyğəmbəridir. Rəbbimiz Quranın Əraf surəsinin 158-ci ayəsində buyurur: “De ki: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm!..”. Bizlər bu İlahi Kitaba iman gətirməklə müsəlman olmuşuq və dünyanın harasında yaşamasından, hansı məzhəbə, təriqətə aid olmasından asılı olmayaraq, bütün İslam ümməti bu Kitabı qəbul edir. Quran – İlahi Kitabdır, burada insanın səadət yolu göstərilir. Biz onu oxumaqla xoşbəxtliyimizin yollarını öyrənmiş oluruq. Və Quran eyni zamanda müsəlmanları həm Allaha, həm də bir-birilərnə bağlayan ruhani bir bağdır. Bu, sanki, Allahdan bizlərə ünvanlanmış bir məktubdur. Onu yalnız öpüb göz üstə qoymaq yox, açıb oxumaq lazımdır. Oxuyub anlamaq, dərk etmək, onu ruhumuza və əməllərimizə hopdurmaq!
7. “Allah” kəlamından İslamdan xaric fikirlərin ifadəsində sinonim kimi (misal üçün “Allahın oğlu”, “Allahlar” və s.) istifadə oluna bilərmi, yoxsa bu söz sadəcə İslam dininə aiddir?
- Buna iki cür yanaşmaq olar. Ümumilikdə, Allah dedikdə - Tanrı, İlahi varlıq nəzərdə tutulur. Yəni bu mənada “Allah” müxtəlif dillərdə fərqli sözlərlə ifadə olunur – Tanrı, Boq, Qod, Dyü, Xoda və s. Monoteist dinlərdə bu sözlər əslində eyni mənanı daşıyır. Əgər “Allah” dedikdə, dinindən asılı olmayaraq, insanların inandığı İlahi varlıq nəzərdə tutulursa, o zaman həmin dinlərin inancından irəli gələn “Allahın oğlu”, “Allahlar” və s. istifadə oluna bilər. Bu söz həmin inanclardakı Tanrının sinonimi kimi, dilimizdəki qarşılığı kimi işlədilir. Amma əgər məhz İslam inancında olan İlahi nəzərdə tutulursa, əlbəttə Allah təkdir, Onun övladı, şəriki və bənzəri yoxdur. Allahdan başqa İlahi yoxdur!..
Şirəli Məmmədov
DOSTLARINLA PAYLAŞ: