İşğala son qoyulmayanadək Ermənistanı bir dövlət kimi tanımayacağıq
26 Avqust 2011 Cümə 23:05
Pakistan Senatının sədri: "Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəkləyirik".
Bu gün Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Senatının sədri Faruk Həmid Naiklə görüşüb. Azərbaycanın Pakistandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfir Dağlıq Qarabağ məsələsi daxil olmaqla, bütün məsələlərdə Pakistanın indiyə kimi verdiyi dəstəyə görə F.Naikə təşəkkür edərək, Azərbaycan xalqının da daim bütün məsələlərdə Pakistanla birlikdə olduğunu bildirib. Səfir Senatın sədrinin eyni zamanda Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun prezidenti təyin olunmasını ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək, onun təyinatının hər iki ölkənin parlamentlərarası əlaqələrin inkişafında böyük rol oynayacağını vurğulayıb.

Pakistan Senatının sədri isə iki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini, zəbt olunmuş torpaqların qeyd-şərtsiz azad olunmasının vacibliyini geyd edib, işğala son qoyulmayanadək Ermənistanı bir dövlət kimi tanımayacağını vurğulayıb. F.Naik Azərbaycanın enerji resurslarının və kimya sənayesi məhsullarının ölkəsinə idxalı, Pakistanın yüngül sənaye, kənd təsərrüfatı mallarının isə Azərbaycana ixracı imkanlarından söz açıb.

Bu ilin payızında Pakistan prezidentinin Azərbaycana səfərinin gözlənildiyini, habelə hökumətlərarası komissiyanın 5-ci iclasının və iki ölkə iş adamlarının iştirakı ilə biznes-forumun Bakıda keçiriləcəyini xatırladan səfir bunun iqtisadi inkişafa təkan verəcəyini bildirib. O, Azərbaycanın Pakistanla bütün sahələrdə əlaqələrini genişləndirmək niyyətində olduğunu və ölkələr arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının vacibliyini vurğulayıb.

F. Naik 2005-ci il zəlzələsi və 2010-cu il sel fəlakəti zamanı ölkəmizin göstərdiyi maddi və mənəvi dəstəyə görə prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür edib. Senatın sədri Heydər Əliyev Fondunun Müzəffərabad şəhərində tikdirdiyi qızlar məktəbinin Pakistan-Azərbaycan xalqları arasında olan dostluğun təzahürü olduğunu və fondun prezidenti Mehriban Əliyevanın şəxsiyyətinə Pakistanda xüsusi hörmətlə yanaşıldığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar