İRS Herencia jurnalının təqdimatı keçirilib
04 May 2011 Çərşənbə 13:50
Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası çərçivəsində “İRS” jurnalının Argentinada nəşr olunmuş ispandilli versiyası olan “İRS Herencia” jurnalının “Sirli səslər məkanı Azərbaycan” adlı ilk nömrəsinin təqdimatı keçirilib.
Azərbaycanın Argentinadakı səfirliyinin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası çərçivəsində “İRS” jurnalının Argentinada nəşr olunmuş ispandilli versiyası olan “İRS Herencia” jurnalının “Sirli səslər məkanı Azərbaycan” adlı ilk nömrəsinin təqdimatı keçirilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 200-ə qədər iştirakçının qatıldığı tədbiri giriş sözü ilə açan səfir Məmməd Əhmədzadə səfirliyin Azərbaycan və Argentina arasında bütün sahələrdə əməkdaşlığın inkişafı və Azərbaycan həqiqətlərinin Argentinada, habelə Cənubi Amerikada tanıdılması istiqamətində çalışdığını bildirib.
O, Azərbaycanın ilk dəfə olaraq dünyanın ən iri nəşriyyat və mədəniyyət tədbirlərindən olan Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirak etdiyini xatırladaraq bu günlər ərzində yarmarkadakı Azərbaycan stendinə minlərlə ziyarətçinin gəlməsi və Azərbaycanla tanış olmasından məmnunluğunu vurğulayıb. Bu tanışlığın davamı olaraq Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olmuş “İRS” jurnalının Argentinada ispan dilində “İRS Herencia” adı ilə nəşrinə başlandığını söyləyən səfir, bu jurnalın dünyanın ispandilli ölkələrində Azərbaycan həqiqətlərinin, qədim və zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğinə yardımçı olacağını deyib.
Sonra çıxış edən Argentina Milli Elmi Texniki Araşdırmalar Mərkəzinin (CONİCET) tədqiqatçısı və Buenos-Ayres Universitetinin müəllimi, mədəniyyətlərarası dialoq üzrə ekspert Veronica Gimenez Belivaou 2009-cu ildə Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərək azərbaycanlıların qonaqpərvər və öz zəngin ənənələri ilə fəxr edən xalq, Azərbaycanın qədim tarixi-mədəni irsə malik ölkə, müxtəlif icmaların dost və mehriban şəkildə yaşadığı tolerantlıq nümunəsi olduğunu və bütün sahələrdə əhəmiyyətli inkişaf dövrünü yaşadığını bildirib.
Daha sonra “İRS Herencia” jurnalının baş redaktoru Musa Mərcanlı çıxış edib.
Tədbirin kitab yarmarkasında keçirilməsi səbəbindən geniş ictimaiyyətə açıq olmasından istifadə edərək oraya daxil olmuş Argentina erməni icmasının nümayəndələrinin tədbirin ahəngini pozmaq cəhdləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatçı suallarının qarşısı səfir M. Əhmədzadənin tutarlı cavabı, səfirlik tərəfindən əvvəlcədən görülmüş qabaqlayıcı tədbirlər və təqdimatda iştirak edən Argentina ictimaiyyətinin nümayəndələrinin qınağı və təzyiqi nəticəsində alınıb. Nəticədə tədbir öz ahəngində davam edib, erməni mənşəli şəxslər isə tədbirin sonuna qədər Azərbaycan həqiqətlərini səssiz-səmirsiz şəkildə dinləmək məcburiyyətində qalıblar. anspress
DOSTLARINLA PAYLAŞ: