İrəvan Ankaraya protokolların təsdiqi üçün tarix verdi
13 Fevral 2010 Şənbə 17:15
Ermənistan prezident aparatının direktor müavini Vigen Sarkisyan Vaşinqtonda önəmli açıqlamalar verib
Ermənistan prezident aparatının direktor müavini Vigen Sarkisyan, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların ratifikasiyası üçün 24 aprelin önəmli tarix olduğunu açıqlayıb. Sarkisyan, Vaşinqtonda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (CSIS) Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı konfrans keçirib.
Protokolların ratifikasiyası üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir önşərtin olmadığını deyən Sarkisyan sənədlərin müvafiq zaman çərçivəsində təsdiqlənməli olduğunu bildirib. Onun sözlərinə görə, ratifikasiya prosesi uzandıqca ortaya yeni çətinliklər çıxa bilər. Və XXI əsr blokada, embarqo əsri deyil və hər iki tərəf aradakı anlaşılmazlıqları bir kənara buraxıb əlaqələrini bərpa etməlidir.
"Sərhədlər açılmalıdır"
İki ölkə arasındakı sərhədin açılmalı olduğunu bildirən Vigen Sarkisyan, yaxınlaşma prosesinin Ermənistan baxımından, bölgədəki problemlərin də həlli mənasını verdiyini bildirib.
"Problemləri həll etmənin ən yaxşı yolu, regional əməkdaşlıqdan keçir. Biz həmişə sərhədlərin açılmasının tərəfdarıyıq. Protokolların ratifikasiyası, insanların bir-birini daha yaxşı anlaması, ortaq mühit və mənfəətlərin yaradılması, qonşular arasında ən çətin mövzuların həll edilməsinə imkan verəcək. Bu nail olunmayacaq bir hədəf deyil, bunu edə biləcək müdrikliyə sahibik. Bu, iqtisadi baxımdan həm bölgəyə, həm də iki ölkəyə fayda verəcək, insanlar və vətəndaş cəmiyyəti arasında təmasları artırıb, anlaşılmazlıqların həllinə xeyir verəcək", deyə Sarkisyan qeyd edib.
Sarkisyanın sözlərinə görə, protokollar ratifikasiya olunması, Türkiyənin Cənub Qafqazdakı siyasi xəritəyə geri dönməsi üçün ən yaxşı yoldur:
"Türkiyə, Avropa-Atlantik təhlükəsizlik razılaşmalarında oynadığı böyük rola, Gürcüstanla fövqəladə əlaqələrinə və azərbaycanlılarla az qala ailəvi səviyyəyə çatan bağlarına baxmayaraq, Cənubi Qafqazdakı regional proseslərdən həqiqətən kənarda qalır. Çünki bölgənin açar problemində bir tərəfdə qalaraq öz-özünü təcrid edib. Protokolların təsdiqi, Türkiyəyə Cənubi Qafqazda söz sahibi olan region ölkəsi olma imkan verəcək" .
"Yeni tarix 24 aprel"
Sarkisyan protokolların ratifikasiyası üçün "son tarix" qoyulmasının təhlükəli olduğunu bildirib. Buna baxmayaraq o, protokollarla əlaqədar prosesdə iki ölkə arasında baş verənlərin müəyyən zaman məhdudlaşdırmaları sayəsində həyata keçə biləcəyini qeyd edib.
O misal olaraq, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına dair ortaq yol xəritəsinin 1915-ci il qondarma erməni soyqrımının "ildönümü"nü qeyd etdikləri 24 apreldən əvvəl, 22 apreldə bəyan edilməsini xatırladıb. Bundan sonrakı əhəmiyyətli adım üçün meydana çıxan yeni tarixin isə 24 aprel olduğunu deyib. O, Türkiyədə 2011-ci ildə ümumxalq seçkisi keçiriləcəyini bildirirərək, hökumətin seçki prosesi zamanı mühüm addım atmasının çətinləşəcəyini vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: