İraqda yaralanan digər azərbaycanlıların adları məlum olub
14 Oktyabr 2010 Cümə Axşamı 22:05
Onların ölkəyə gətirilməsi ilə bağlı işlər davam etdirilir.
İraqa ziyarətə gedən azərbaycanlı zəvvarlardan İntiqam Rüstəmov Diyala əyalətində törədilmiş partlayış nəticəsində vəfat edib. Daha 3 nəfər Abdullayev Elşən Vahid oğlu, Aslanov Elvin İlqar oğlu və Abdullayev Elçin Tahir oğlu isə partlayış nəticəsində yaralanıb. Qol nahiyyəsindən yaralanan Elvin Aslanov Bağdad xəstəxanasına gətirilib və onun üzərində cərrahiyə əməliyyatı aparılıb. ANS-in çəkiliş qrupu əvvəlcə Telnov küçəsi 18 a, mənzil 109 ünvanında yaşayan Elvinin evinə üz tutub. Anası Sevda Aslanova hadisədən xəbərsiz olub.
Sevda Aslanovanın sözündən məlum olub ki, Elvinlə Elçin Abdullayev qohumdur. Oğlunun keçən ildən Həcc ziyarətinə getmək istədiyini deyən Sevda Aslanovanın sözlərinə görə, Elvinin israrından sonra o, bibisioğlu ilə birgə ziyarətə gedib. Onları ziyarətə İrandakı qohumları yola salıb. Partlayış nəticəsində boyun nahiyəsindən yaralanan Elçin Abdullayevin anası İradə Aslanova da Sevda xanım kimi hadisə barədə xəbəri ANS-dən eşidib. Oğlunun ölmədiyini özünə təsəlli edən İradə xanım 2 gün əvvəl övladı ilə telefonla əlaqə saxladığını xatırladıb.
“Zəng etmişdi, dünən Kərbəlaya gedəcəkdilər. "Narahat olmayın İraqdayıq" dedi. Bazar günü gediblər, keçən dəfə gedəcəkdilər, amma alınmadı. İndi getdilər. Xahiş edirəm köməklik etsinlər, uşağım gəlsin yanımda, gözümün qabağında olsun”,- deyə yaralı Elçin Abdullayevin anası İradə Aslanova bildirib.
Elvin Aslanovun atasi İlqar Aslanovun ANS-ə verdiyi məlumata görə, yaralanan zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə deyil, İraqdakı firmalardan birinin göndərdiyi xüsusi dəvətnamə ilə ziyarətə gedib. İlk olaraq azərbaycanlı zəvvarların olduğu avtobusun partladılması xəbəri yayılsa da, sonradan məlum olub ki, mina avtobusun ardınca gedən “Hyundai” markalı avtomobil keçərkən işə düşüb və yaralananların hamısı məhz bu maşında olub. İlqar Aslanovun sözlərinə görə, 7 zəvvar avtobusa yerləşmədiyindən onlar avtomobilə miniblərmiş. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elman Abdullayevin verdiyi məlumata görə, zəvvarların geri qaytarılması istiqamətində diplomatik kanallarla danışıqlar aparılır.
“Bu barədə məlumat bizə səfirlikdən daxil olub. İntiqamın cəsədinin Azərbaycana gətirilməsi və digər vətəndaşların ölkəyə qaytarılması ilə əlaqədar səfirliyimiz öz fəaliyyətini davam etdirir və bu məsələyə nəzarət edir”,- deyə Elman Abdullayev bildirib. Elman Abdullayevin sözlərinə görə, İraqdakı vəziyyətlə bağlı Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını dəfələrlə bu ölkəyə səfərdən çəkinməyə çağırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: