İranın Azərbaycan vətəndaşları üçün tətbiq etdiyi viza rejimi qüvvəyə minib
06 Avqust 2012 Bazar Ertəsi 11:21
Naxçıvana İran ərazisindən tranzit keçid edən vətəndaşlarımız da viza almalı olacaqlar. Viza almaq üçün rüsum ödəmək tələb olunmur.
Avqustun 31-dək İran ərazisindən keçərək Naxçıvana gedən Azərbaycan vətəndaşları viza almalı olacaqlar. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. XİN-dən bildirilib ki, Naxçıvandan Bakıya gələnlər İranın Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən konsulluqlarına, Naxçıvana gedənlər isə İranın Bakıdakı səfirliyinin konsulluq şöbəsinə müraciət etməlidir.
Qeyd edək ki, İranın Azərbaycan vətəndaşları üçün müvəqqəti olaraq tətbiq etdiyi viza rejimi dünəndən qüvvəyə minib. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, 5-31 avqust tarixlərində bu ölkəyə səfər etmək üçün viza alacaq Azərbaycan vətəndaşları rüsum ödəməyəcəklər. Viza almaq üçün pasportun birinci səhifəsinin surəti, şəxsiyyət vəsiqəsinin surəti və iki ədəd fotoşəkil tələb olunur.
İran Azərbaycanla viza rejimini müvəqqəti olaraq bərpa edib. Viza rejiminin yenidən tətbiqinə səbəb Bu ay Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə görüşünün keçirilməsidir. İran Xarici İşlər Nazirliyi artıq bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib. Notaya əsasən qeyd olunan zirvə görüşü ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarının İrana səfər etməsi üçün viza rejimi tətbiq olunacaq. Bu tarixdən sonra əvvəlki viza rejimi bərpa ediləcək.
APA-nın Cənub bürosunun məlumatına görə, hələlik Astara Gömrük İdarəsinin keçid məntəqəsindən qonşu ölkəyə viza ilə keçən olmayıb. İdarədən bildiriblər ki, Azərbaycanın sərhədyanı rayonlarının əhalisi rayon polis şöbələrindən aldıqları sadələşdirilmiş viza ilə qonşu ölkəyə gedib-gəlmək imkanına malik idilər: “İndi isə İrana getmək üçün bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət edərək, viza almaq lazımdır. Viza ilə bağlı müəyyənləşdirilmiş şərtlər həmçinin Naxçıvan Muxtar Respublikasının vətəndaşlarına da şamil edilib. Belə ki, onlar da İran tranzit keçid üçün bu ölkənin konsulluğundan viza almalıdırlar”.
DOSTLARINLA PAYLAŞ: