İranda həbsdə saxlanılan Azərbaycan şairlərinin məhkəməsi keçirilib
07 Avqust 2012 Çərşənbə Axşamı 18:48
Bu gün İranda həbsdə saxlanılan Azərbaycan şairlərinin - Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəmə prosesi keçirilib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan tərəfinin səyləri ilə bu gün keçirilən davam etdirilən prosesdə ölkəmizin Təbrizdəki Baş Konsulluğunun iki əməkdaşı və şairlərin yaxın ailə üzvləri iştirak edib.
Prosesdə şairlər onlara verilən sualları cavablandırıb, günahkar olmadıqlarını bir daha vurğulayıblar. Şairlər İrana səfər etməkdə hər hansı cinayət xarakterli niyyətlərinin olmadığını qeyd ediblər.
XİN-in məlumatına görə, Azərbaycan vətəndaşlarına verilən suallar İrana səfərin məqsədi və mahiyyəti ilə əlaqədar olub.
Məhkəmənin hakimi şairlərin konkret olaraq hansı maddələrlə ittiham olunmaları barədə heç bir məlumat verməyib və yaxın günlərdə məhkəmənin qərarının açıqlanacağını deyib.
Fərid Hüseyn, Şəhriyar Hacızadə İrana poeziya axşamında iştirak etmək üçün səfər etdiklərini, cinayət törətmək niyyətində olmadıqlarını vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan şairlərinə hər hansı ittiham irəli sürülmədən təxminin 3 aya yaxın həbsdə saxlanılandan sonra cinayət təşəbbüsü ilə çıxış etdikləri bildirilib.
Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanması xəbərini təsdiqləməyib. Daha sonra hər iki azərbaycanlının həbsxanada saxlandığı məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəyə aydınlıq gətirilməsi tələbi ilə İrana bir neçə dəfə rəsmi nota verib. Lakin İran tərəfi bu notaları cavablandırmayıb. Tehranın kütləvi informasiya vasitələri soydaşlarımızın İran əleyhinə casusluq fəaliyyətində günahlandırıldığını iddia etsələr də, sonradan bu məlumat təsdiqlənməyib. İran tərəfi ilə əldə olunan razılaşmaya əsasən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşməyə müvəffəq olublar. Görüş zaman hər iki şəxs onların İran ərazisinə qanunsuz şəkildə daxil olmaqda ittiham edildiklərini deyiblər. İran xarici işlər nazirinin müavini Arakçının Azərbaycana səfəri zamanı həbs olunan şairlərlə bağlı məsələnin müzakirə olunacağı gözlənilsə də, səfər iki dəfə təxirə salınıb.
İran xarici işlər nazirinin digər müavini Hüseyn Əmir Abdullaxiyan ötən həftə Moskvada keçirdiyi mətbuat konfransında APA-nın Moskva müxbirinin həbsdə olan azərbaycanlı şairlərlə bağlı sualını cavablandırmaqdan boyun qaçırıb: “İranda azərbaycanlı şairlərin həbsindən xəbərim yoxdur. Məsələnin detalları barədə heç nə bilmirəm”.
DOSTLARINLA PAYLAŞ: