İranda həbsdə olmuş azərbaycanlı alim Rəşid Əliyev danışdı
25 Avqust 2010 Çərşənbə 14:25
Rəşid Əliyev “Sazan Electronics İndustry” şirkətini məhkəməyə verəcək.
İranda həbsdə olmuş azərbaycanlı alim Rəşid Əliyev bu ölkənin “Sazan Electronics İndustry Company” şirkətini məhkəməyə verəcək. Bu barədə bu gün İranda həbsdən azad olunmuş azərbaycanlı alim Rəşid Əliyev özü məlumat verib.

O, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, səhhətində ciddi problemlər yaranıb və əməkdaşlıq etdiyi İran şirkəti ilə gizli layihələr həyata keçirtmək barədə heç bir müqavilə imzalamayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İran İslam Respublikasında viza problemi bəhanə gətirilərək həbs edilib. Ona qarşı məxfi məlumatların guya Azərbaycana ötürülməsi ittihamı irəli sürülüb.

1 il 10 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılmasında millət vəkilləri, hüquq müdafiəçiləri və müdafiə komitəsinin İran tərəfinə müraciətlərinin mühüm rol oynadığını deyən Rəşid Əliyev konkret olaraq hansı əsaslarla azadlığa buraxılması barədə həm İran, həm də Azərbaycan tərəfindən məlumatlandırılmadığını da bildirib.

Rəşid Əliyev Tehran həbsxanasında saxlanıldığı müddətdə çox böyük psixoloji sarsıntı keçirdiyini qeyd edib. O, İrana işləmək məqsədi ilə getdiyini və oranın böyük bir şirkətinin lazer texnologiyası sahəsində iş görmək üçün mütəxəssis kimi alimə dəvət göndərdiyini bildirib: “Orda çox böyük işlər gördük. Şirkətlə bağladığım müqavilənin müddəti başa çatanda geri qayıtmağa qərar verdim. Lakin onlar məni buraxmaq istəmirdilər. Buna baxmayaraq, qayıtmaqda israrlı idim. Sonradan isə əsassız ittihamla məni həbs etdilər. Məni casusluqda günahlandırırdılar. Onlara başa sala bilmirdim ki, sizin şirkətiniz məni bura mütəxəssis kimi dəvət edib. Mən bu texnologiyanı Azərbaycanda öyrənmişəm və sizin ölkədə tətbiq edirəm. Necə ola bilər ki, indi mən bu texnologiyaları Azərbaycana ötürüm? Tamamilə absurd bir ittiham idi. Lakin sonda ədalət öz yerini tapdı və məni azad etdilər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar