İranda həbsdə olan Azərbaycan aliminə hökm oxunub
29 Aprel 2010 Cümə Axşamı 12:15
İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyev məhkəmənin hökmü ilə cəzaya məhkum edilib.
Komitə sədrinin bildirdiyinə görə, R. Əliyev onunla telefonla əlaqə saxlayaraq, İran Məhkəməsinin onun barəsində qərar çıxardığını deyib. Məhkəmə prosesi R. Əliyevin iştirakı olmadan aparılıb. Məhkəmənin qərarı ilə R. Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
S. Məlikov İran hökumətinin bu addımının anlaşılmaz olduğunu bildirib: “Biz başa düşə bilmirik ki, Rəşid Əliyevə niyə cəza verilib”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində onun rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması həyata keçirilib.
Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasalar da, o bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis viza problemi olduğunu bəhanə gətirərək onu həbs edib.
R. Əliyev lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: