İrana vizasız rejim Azərbaycan jurnalistlərinə şamil edilməyəcək
01 Fevral 2010 Bazar Ertəsi 17:40
İrana vizasız rejim Azərbaycan jurnalistlərinə şamil edilməyəcək. Bunu Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini deyib.
Azərbaycanda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi bu gün Bakıda İranın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak edib. Bu binada səfirliyin konsulluq, mədəniyyət və mətbuat şöbələri yerləşəcək.

Nazir müavini bildirib ki, Azərbaycana səfərində məqsəd səfirliyin binasının açılış mərasimində iştirak etmək, Ayətullah Xomeyninin 31 il əvvəl Fransadan İrana qayıdışının ildönümü ilə bağlı tədbirə qatılmaqdır.

İrana səfər edəcək Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı qərarın bu gündən qüvvəyə mindiyini deyən Xarici İşlər Nazirliyinin rəsmisi Bakıda Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəyini də bildirib.

Nazir müavininin sözlərinə görə, viza rejiminin ləğvi barədə qərar İrana səfər edəcək Azərbaycan jurnalistlərinə şamil edilməyəcək:

"Jurnalistlər üçün viza ləğv olunmur, onlar İrana getmək üçün viza almalıdır".

Həsən Qaşqavi İranın səhiyyə naziri xanım Dəscidinin gələn həftə Bakıya gələcəyini deyib. O, həmçinin qeyd edib ki, gələn ay Azərbaycan və İran parlament rəhbərlərinin görüşü olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar