İran tərəfi Azərbaycanla sərhəddəki atışmanı başqa cür təqdim edir
05 İyul 2011 Çərşənbə Axşamı 02:51
Nazir Əli Abdullahi: “Azərbaycan sərhədləri İran ərazisinə keçiblər və atışma başlayıb”.
İran tərəfi iyulun 3-də Azərbaycanla sərhəddə bir hərbçimizin ölümü ilə nəticələnən atışmanı başqa cür təqdim etməyə çalışır. ANS PRESS-in məlumatına görə, rəsmi Tehran insidentin İran ərazisində baş verdiyini iddia edir. İranın daxili işlər naziri Əli Abdullahi İRNA agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan sərhədçiləri qanusuz olaraq İran ərazisinə keçiblər. Onun sözlərinə görə, azərbaycanlı sərhədçilər iranlı həmkarlarının tələbinə reaksiya verməyiblər və atışma baş verib.

Rəsmi Tehran bəyan edib ki, insident diplomatik kanallarla araşdırılacaq.

Xatırladaq ki, Azərbaycan-İran sərhədindəki hadisə ilə bağlı ilk məlumatı Azərbaycanın Dövlət Sərhəd Xidməti yayıb. Məlumatda deyilir ki, iyulun 3-də saat 13.15 radələrində Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasının ərazisindən silahlı şəxslər tərəfindən sərhəd pozulub. Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant Quliyev Rüfət Firudin oğlu ağır güllə yarası alıb, zastavaya təxliyə edilən zaman yolda vəfat edib.

Dövlət sərhədinin pozulmasını qarşısını alıb, silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, həlak olan Rüfət Quliyev hərbi xidmətə 2006-cı ildə Yasamal Rayon Hərbi Komissarlığından çağırılıb və həmin vaxtdan da Sərhəd Dəstəsində xidmət edib. Mərhum zastavada rəis köməkçisi olub. Hərbçimiz dünən Bakıda dəfn edilib.

Baş vermiş silahlı insidentlə bağlı Sərhəd Dəstəsinin əməliyyat istintaq qrupu və Lənkəran Hərbi Prokurorluğunun rəsmiləri hadisə yerində olublar. Artıq prokurorluq orqanlarında faktla bağlı araşdırmalara başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar