İran telekanallarının qanunsuz yayımının qarşısı alınacaq
04 Dekabr 2011 Bazar 19:01
Azərbaycanla İran birgə komissiya yaratmaq qərarına gəlib.
İran telekanallarının Azərbaycanda qanunsuz yayımının qarşısının alınması üçün birgə komissiya yaradılacaq. Bu haqda ANS-ə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib. Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində keçirilən görüşlərə toxunan İ.Məmmədov qonşu ölkənin rəsmiləri ilə məsələ barədə ətraflı müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə, tərəflər İranın bəzi telekanallarının Azərbaycanın efir məkanında qanunsuz yayımının qarşısının alınması üçün müvafiq ikitərəfli komissiyasının yaradılması zərurətini vurğulayıb.

Konkret olaraq qərara alınıb ki, iki ölkənin müvafiq dövlət strukturları nümayəndələrinin iştirakı ilə belə bir komissiya yaradılsın.

Qeyd edək ki, İranda səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəri İranda səfərdədir. Səfər zamanı İranın Milli Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqami, onun müavinləri Məhəmməd Sərəfraz, Seyid Məhəmməd Hüseyni ilə görüşlər keçirilib. Danışıqlar zamanı Azərbaycan Respublikası ilə İran İslam Respublikasının teleradio sahəsində və ümumi informasiya məkanındakı real vəziyyət ətraflı təhlil edilib.

Görüşlərdə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov müzakirə olunan məsələlərlə bağlı mülahizələrini söyləyib və təkliflərini verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar