İran parlamentinin üzvü: “Qarabağ torpaqları Azərbaycanın tarixi ərazisidir”
19 Fevral 2010 Cümə 19:25
“Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun İrana səfəri çox əhəmiyyətlidir”.
Bu sözləri APA-ya açıqlamasında İran İslam Şurası Məclisinin Təbrizdən olan deputatı Doktor Məhəmməd Hüseyn Fərhəngi deyib. O bildirib ki, İran və Azərbaycanın tarixi əlaqələri, bağlılıqları və eyni ənənəyə malik olmaları hər kəsə məlumdur. “Biz siyasi, iqtisadi, ticarət və mədəniyyət sahəsində olduqca böyük işlər görə bilərik. Bununla, ikitərəfli əlaqələrin güclənməsi, münasibətlərin genişlənməsi zəminində vacib addımlar atmış olarıq”, - deyə Fərhəngi qeyd edib.
Azərbaycan parlament sədrinin İrana səfəri, onun prezident Mahmud Əhmədinejad, xarici işlər naziri Manuçöhr Mottəki və İran İslami Şurası Məclisinin spikeri Əli Laricani ilə keçiriləcək görüşlərini yüksək qiymətləndirən millət vəkili bunu iki ölkənin əlaqələrində yeni mərhələnin və inkişafın başlanğıcı kimi xarakterizə edib.
Millət vəkili O. Əsədovun İran parlamentində nitq söyləyəcəyini, eləcə də üç günlük səfər çərçivəsində Təbrizi ziyarət edəcəyini də vurğulayıb.
İranın Azərbaycanın ərazisinin bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını bildirən Fərhəngi Qarabağ probleminin onları da narahat etdiyini diqqətə çatdırıb: “Bu məsələdə İran həmişə Azərbaycanın yanındadır. Qarabağ münaqişəsinin həlli üçün İran, Azərbaycan və Ermənistan rəhbərlərinin bir araya gəlməsi lazımdır. Belə olarsa, bu məsələ həllini tapar. Biz qan tökülməsinin, insan qırğınının əleyhinəyik. Bütün məsələlər sülh yolu ilə həll edilməlidir. Amma Qarabağ torpaqlarının Azərbaycanın tarixi ərazisi olduğunu da yaxşı bilirik. Tərəflər çalışmalıdır ki, bu məsələ sülh yolu ilə həll olunsun, haqq öz yerini tapsın”.
Doktor Fərhəngi deyib ki, O. Əsədovun İrana səfəri çərçivəsində müzakirə olunacaq əsas məsələlərdən biri də məhz Qarabağ münaqişəsi olacaq.
Azərbaycanlı alim Rəşid Əliyevin İranda həbs edilməsinə münasibət bildirən millət vəkili bunları deyib: “Əlbəttə, bu, hüquq-mühafizə orqanlarına aid olan məsələdir. Bildiyimə görə, İran və Azərbaycan səfirlikləri də bu işlə məşğul olur. Hər halda, ümid edirəm ki, problem tezliklə həllini tapacaq. İki dost və qardaş ölkə arasında belə halların yaşanması arzu edilməzdir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: