İranın Milli Qaz Şirkətinin rəhbəri Əzizalla Ramazani ölkəsinin “Nabucco” qaz kəməri layihəsinə qoşulmağa hazır olduğunu açıqlayıb.
APA-nın məlumatına görə, o, “Fars” agentliyinə müsahibəsində bildirib ki, “Nabucco” ilə bağlı sazişi imzalayan dövlətlər kifayət qədər qaz ehtiyatına malik olmadığından İranın kəmərə qaz verməsi mümkündür: “Qaz kəmərinin inşasının 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur. Həmin vaxt İran kəmərlə ildə 10 milyard kub/metr qaz nəql edə bilər”.
Qeyd edək ki, “Nabucco” layihəsinə dair hökumətlərarası saziş bu il iyulun 13-də Ankarada imzalanıb. Müqaviləyə Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan və Rumıniya imza atıb.
APA